Bakıda kişi telefonda çox danışan arvadını döydü — TƏFƏRRÜAT

KRİMİNAL 02 oktyabr 2024, 12:22
Bakının Suraxanı rayonunda1975-ci il təvəllüdlü Saleh ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Sümbülə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 9-da baş verib. 

Saleh həmin gün, saat 18:00-da yaşadığı evdə həyat yoldaşı Sümbülənin gün ərzində telefonda uzun müddət danışmasını və onun telefon zənginə cavab verməməsini irad kimi bildirib. 

Bu zaman Saleh Sümbülənin ünvanına nalayiq ifadələr işlətməsi və sonuncunun ona cavab qaytarması səbəbindən aralarında yaranmış mübahisə zamanı əsəbləşərək yumruqla qəsdən bədəninin müxtəlif nahiyələrinə bir-neçə dəfə vurub. 
Hadisəni törədən Salehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Saleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, həyat yoldaşı Sümbülə ilə qarşılıqlı nikahlarından üç qızı dünyaya gəlib: 

“Həyat yoldaşım Sümbülə ilə münasibətlərimiz daim yaxşı olub. Son zamanlar isə dəmirçi işlədiyim qapı sexindən evə yorğun gəlsəm də, həyat yoldaşım mənimlə maraqlanmır. Bütün günü telefonda kimləsə danışır. Bu da mənə pis təsir etdiyindən aramızda narazılıq yaranır”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 9-da, saat 18:00-da evinə gəlib: 

“Həmin vaxt işi ilə əlaqədar çox yorulmuşdum. Gün ərzində dəfələrlə Sümbüləyə telefonda zəng etsəm də, onun telefonda kimləsə danışdığından telefonunun məşğul olduğunu və mənə cavab vermədiyinə görə əsəbləşdim. Evə gələrək ona telefonda bütün gün məşğul olmasını irad kimi bildirdim. Mətbəx otağına keçərək ondan çay istədim. Sümbülə də mənə çay verərkən evə gec gəlməyimi irad bildirdiyindən, yorğun olduğumdan və gün ərzində telefonda mənə cavab verilməməsinə görə hirsli olduğumdan ona kobud cavab qaytararaq ünvanına nəlayiq ifadələr işlətdim. Sümbülənin də mənə cavab qaytardığı üçün daha da əsəbləşərək evin mətbəx otağında yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirdim. Bundan sonra yaşadığım evi tərk edərək gedim. Sonda əməlimdən peşman oldum”.

İş üzrə zərərçəkmiş Sümbülənin sözlərinə görə, son zamanlar həyat yoldaşı Saleh ilə aralarında narazılıqlar yaranıb: 

“Buna da səbəb Salehin heç bir səbəb olmadan məni başqa şəxlərə qısqanması və mənimlə kobud rəftar etməsi olub. Lakin mən bu barədə əvvəllər heç bir şikayət etməmişəm. İyulun 9-da birlikdə yaşadığımız evdə idim. Həmin gün saat təxminən 18:00-da Saleh evə gəldi. 

Saleh evə gələndən sonra mənə mobil telefonunun nə səbəbdən uzun müddət ərzində məşğul olduğunu bildirərək irad tutdu, evin mətbəx otağına keçdi və məndən çay istədi. Mən də Salehə  çay verərkən ondan nə səbəbə evə son vaxtlar gec gəlməsini irad bildirdim. Bu Salehə pis təsir etdiyi üçün məni təhqir etməyə, ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Ona cavab qaytardığım üçün yumruq zərbələri ilə bədənimin müxtəlif nahiyələrinə vuraraq mənə xəsarətlər yetirdi”. 

Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Saleh 3 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top