36 yaşlı oğlan dostunu avtomobilində öldürdü, meyitini isə... — TƏFƏRRÜAT

KRİMİNAL 01 oktyabr 2024, 14:15
Bakının Binəqədi rayonunda 1988-ci il təvəllüdlü Zeynal Zeynalov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı, 1985-ci il təvəllüdlü Ramil Oruclunu qətlə yetirib. 

Demokrat.az-
ın əldə etdiyi məlumata görə, Zeynal 17 iyun 2021-ci ildə, saat 16.30-da idarə etdiyi “Khazar LX” markalı avtomobildə tanışları Ramil, Mikayıl və Səttar ilə hərəkətdə olublar. 

Bu zaman həmin avtomobilin arxa sağ oturacağında sərnişin qismində əyləşmiş Ramil narkotik vasitə almaq üçün pul lazım olduğunu bildirdikdə ona üzərində cəmi 8 manat olduğunu dediyi üçün aralarında yaranmış mübahisə ilə əlaqədar sonuncunun söyüş söyməsini bəhanə edib. Zeynal heç bir əsaslı səbəb olmadan öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib, özünü ətrafdakılara qarşı qoyub. O, Ramili qəsdən öldürmək qərarına gələrək idarə etdiyi avtomobili ünvan ünvanın qarşısında saxlayıb. 

Zeynal avtomobilin salonunda olan saxlanc yerindən götürdüyü bıçaqla Ramilə iki dəfə zərbə vurub. O, Ramili xuliqanlıq niyyəti ilə öldürüb. 

Daha sonra Zeynal törətdiyi cinayətin izlərini gizlətmək məqsədilə Mikayıl və Səttar avtomobildən düşdükdən sonra idarə etdiyi avtomobili hadisə yerindən Binəqədi rayonu, 6-cı mikrorayon, Rəşid Behbudov küçəsi ətrafında yerləşən “Pitomnik” adlanan əraziyə sürüb. Orada Ramilin meyitini otluq sahəyə ataraq gizlədib. 

Hadisəni törədən Zeynalın barəsində Cinayət Məcəlləsinin 120.2.2-i (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zeynal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 15 ildir taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırıb: “Ramili təxminən 20 ildir ki, tanıyıram. Mən ailəm ilə birlikdə uzun müddət “Xutor” qəsəbəsində kirayə yaşamışam və Ramillə həmin ərazidə yaşadığı müddətdə tanışlığım yaranıb.

Ramillə aramızda hadisə baş verən günə kimi həmişə dostluq münasibəti olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 17-də, günorta saatlarında müştəri olan Səttar adlı şəxs telefonla zəng edərək “Xocahəsən” qəsəbəsinə getməli olduğunu bildirib: “Səttar mənə Moskva univermağının yanına gəlməyimi bildirdi. Həmin əraziyə gedərək birlikdə “Xocahəsən” qəsəbəsinə getmək üçün yola düşdük. Səttar mənə dedi ki, Xocahəsən qəsəbəsinə getməzdən öncə 10-15 dəqiqə “Əcəmi” ərazisində yubanaq, daha sonra yola çıxarıq. “Əcəmi” ərazisində olan parkın yanında keçərkən Ramil və yanında salam-sağolum olduğu Mikayıl adlı şəxsi gördüm. Ramil maşında Səttarı görən zaman maşına yaxınlaşdı, qolunu avtomobilin qapısına söykəyərək Səttarla söhbət etməyə başladı. Səttarla narkotik vasitə olan “kakos”u necə əldə edə biləcəkləri barədə məsləhətləşdilər. Daha sonra Ramil yanındakı oğlana avtomobilimə oturmağı bildirdi. Avtomobili də ön oturacaqda mən və Səttar, arxa oturacaqda isə Mikayıl və Ramil əyləşdi. Hərəkətdə olan zaman Ramil mənə narkotik vasitələri əldə etmək üçün onlara pul vəsaiti verməyimi bildirdi. Mən isə işə bu gün başlamadığımı, üzərimdə olan 7 manat pulun 4 manatını verə biləcəyimi bildirdim. Ramil mənə həmişə “otrovaya” pul yığılan zaman belə etdiyini bildirdi”. 

Zeynal bildirib ki, bu zaman ona, ailə üzvlərinə, körpə övladına qarşı nalayiq ifadələr işlədib: “Mən təkidlə söyüş söyməməsini bildirdim. Lakin o, yol boyu dayanmadan ailəmə, qohumlarımın ünvanına nalayiq ifadələr ünvanladı. Mən maşını idarə edən zaman hadisə baş verən yerə yəni, Nəsimi rayonunda dövlət orqanlarından birinin inzibati binasının yanına gələnə kimi avtomobili üç dəfə yolun kənarında saxladım və Ramilin maşından düşməsini bildirdim. Lakin həmin şəxs mənə nalayiq ifadələr deməsindən əlavə başıma arxa oturacaqdan bir dəfə yumruqla zərbə vurdu”. 

Zeynalın sözlərinə görə, bu zaman maşının salonunda saxlanc yerində olan bıçağı götürüb və oturduğu oturacaqdan qismən arxaya çönərək bıçağı Ramilə doğru yönəldib: “Əgər mənə və ailəmə söyüş söyməyi dayandırmasa bıçağı ona soxacağımı bildirdim. Ramil isə mənə bıçağı soxmayanın ailəsinə, uşağına qarşı ağır təhqiramiz ifadələr işlətdi. Bu zaman necə olduğunu bilmədən gördüm ki, Ramilin boğazından qan axır. Bu zaman avtomobildə olan digər şəxslər Səttar və Mikayıl mənə Ramili xəstəxanaya aparmağı bildirdilər. Ramilin boğazına əski parçasını tutaraq qanın qarşısını almaq istədim. Nəsimi rayonunda dövlət orqanlarından birinin inzibati binasının önündə Səttar və Mikayıl avtomobilin yanından uzaqlaşdilar. Mən maşını 6-cı mikrorayonda “Putomnik” adlanan əraziyə sürdüm. Biz uşaq olan zaman həmin ərazidə göl var idi. Mən belə fikirləşdim ki, orada Ramilin boğazının qanını su ilə yuyum. Həmin əraziyə gedərkən yolda Ramilin huşunun getdiyini və arxa oturacaqdan çexol olan yerə düşdüyünü, başının ön oturacağın dəmirinə dəydiyini hiss etdim. “Putomnik” adlanan əraziyə gəlib çatdıqda Ramilin artıq öldüyünü anladım. Özümdən asılı olmayaraq Ramilin cansız bədənini həmin əraziyə ataraq oradan uzaqlaşdım. Mən bir neçə ildir ki, narkotik vasitə hesab edilən “kakos” adı ilə tanınan heroin adlanan narkotik vasitəni istifadə edirəm. Hadisə baş verməzdən bir ay əvvəl Narkoloji Dispanserdə müalicə almışam. Hadisəni törədən zaman da narkotik vasitənin təsiri altında olmuşam”. 

İş üzrə zərərçəkmiş Ramilin hüquqi varisi qismində ifadə verən valideyinin sözlərinə görə, Ramilin mobil telefonuna bir neçə dəfə zəng gəlib: “Ramil telefona cavab verib gəlməyəcəyini bildirdi. Zəng edən şəxsin kim olduğu barəsində sualını cavabsız qoydu. Bir az keçdikdən sonra Ramilin hazırlaşıb getmək istədiyini gördüm. Təkidlə ona getməməsi barədə israr etdim. Lakin oğlum dinləməyərək işi olduğunu deyərək getdi. Həmin gün gecə Ramil evə gəlmədi. Mən narahatçılığım səbəbilə 19-cu polis bölməsinə gedərək oğlum Ramilin bir neçə gündür evə gəlmədiyini və onu tapmağıma kömək etmələri barədə müraciət etdim. İyunun 20-də polis əməkdaşları məlumat verdilər ki, Binəqədi rayonu 6-cı mikrayon, “Pitmonik” adlanan ərazidə meyit aşkar eləyiblər. Həmin meyit oğlum Orucov Ramil idi”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Zeynal 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində yüngül cəza təyin edilməsini yuxarı inistansiya məhkəməsinin hakimlərindən xahiş edib. 

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvəsində saxlanılıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 17:13
01 oktyabr 2024, 16:16
Top