Naqif Həmzəyev: “Azərbaycanın güclü ordusu imkan verməyəcək ki, kimsə bizimlə güc və ya təhdid dilində danışsın”

GÜNDƏM 01 oktyabr 2024, 16:33
44 günlük Vətən müharibəsində  Ermənistan növbəti dəfə hərbi cinayətlər törətməkdən çəkinmədi. Birinci Qarabağ savaşı zamanı Xocalı faciəsini törədən erməni terroristlər məhz İkinci Qarabağ savaşının gedişində də məğlubiyyətlə barışmadıqları  və bunun qisasını ala bilmək üçün döyüş bölgəsindən kilometrlərlə uzaqda yerləşən Gəncə şəhərini, Mingəçeviri, Naftalanı, Goranboyu Bərdəni uzaqmənzilli raketlərlə atəşə tutdular.  

Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. O bildirib ki, xüsusilə də Gəncə şəhərinin hədəf seçilməsində əsas məqsəd məhz Gəncədə yeni arxa cəbhədə çaşqınlıq yaratmaq idi:

“Onlar istəyirdi ki, Azərbaycan xalqının gözünü qorxutsunlar. Necə ki, Xocalı faciəsini törədərək insanlarda təşviş yaratmışdılar, onda da elə.  Çünki o vaxtlar ictimai, siyasi vəziyyət tamamilə fərqli idi və artıq aydın məsələ idi ki, Xocalı faciəsini törədən qatillər başqa yerlərdə də qadınlara, uşaqlara, qocalara əl qaldıra bilərdilər və bu səbəbdən də Birinci Qarabağ savaşının gedişində məhz Xocalı faciəsi müharibənin gedişinə çox mənfi təsir göstərdi. Biz hələ də o anları yadımıza salanda çox kədərlənirik. İkinci Qarabağ savaşının gedişində də Gəncəyə uzaqmənzilli raketlərin atılması, eyni məqsədə xidmət edirdi. Ancaq şükürlər olsun ki, Azərbaycan xalqı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin yanında oldu və ordumuzun arxasında  durdu. Gəncəyə raketlər atılmasına baxmayaraq, gəncəlilər sonuna qədər döyüşü istəyirdilər. Sadə xalqdan alınan müsahibələrdə də onlar erməni silahlı qüvvələrindən və separatçılardan qətiyyən qorxmadıqlarını və sonuna qədər müharibənin aparılmasının tərəfdarı olduqlarını dilə gətirirdilər. Məhz 4  oktyabrda Gəncəyə ilk belə raket atəşi açıldı. Daha sonra biz bir neçə dəfə bu cür raket hədəfinə tuş gəldik. Təəssüflər olsun ki, Gəncədə dinc sakinlər şəhid oldu, çoxlu sayda yaralılar oldu, şəhər infrastrukturuna böyük ziyan dəydi. Ancaq bütün bunlara baxmayaraq, gəncəlilər bir nəfər kimi sonuna qədər Gəncədə qaldılar və müharibənin gedişini həmişə yaxından izlədilər. Hər kəs bacardığı qədər yardım göndərdi. Bu Azərbaycan xalqının birliyini və bərabərliyini göstərirdi. Gəncə camaatı da, Gəncə xalqı da bu mənfur düşmənin hücumuna məruz qalsa da, sonuna qədər dövlətinin, ordusunun yanında durdu.

Biz qalib ölkə olmağımıza, zəfər çalmağımıza baxmayaraq, 44 günlük Vətən müharibəsində qalib gələrək bütün şəhidlərimizin qisasını ləyaqətli və ədalətli şəkildə almağımıza baxmayaraq, qətiyyən tariximizi unutmamalıyıq. Biz imkan verməməliyik ki, hansısa xarici qüvvələr və yaxud hansısa dövlətlər cəsarət tapıb Azərbaycanın suverenliyini təhdid altına alsınlar. Azərbaycanın güclü, rəşadətli ordusu imkan verməyəcək ki, kimsə bizə qarşı güc, təhdid dilində danışsın”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 18:26
01 oktyabr 2024, 17:30
01 oktyabr 2024, 17:13
Top