Turan Rzayev: “İsrail Livanla deyil, terror təşkilatı kimi tanıdığı “Hizbullah”la mübarizə aparır”

GÜNDƏM 01 oktyabr 2024, 16:42
“İsrailin Livanın cənubunda quru əməliyyatına başlaması gözlənilirdi. Əməliyatlar Livan ərazisində aparılsa da heç bir halda bunu İsrail Livan müharibəsi kimi şərh etmək adlandırmaq olmaz. Təl-Əviv Livan ərazisində məskunlaşan, dövlət içində “dövlət” quran “Hizbullah”a qarşı əməliyyat keçirir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O bildirib ki, İsrailin vurduğu zərbələrə Livan ordusu cavab verməyib:

“Quru əməliyatları zamanı da Livan ordusu geri çəkilib və İsrail ordusu ilə döyüşmür. 

Diqqət etsəniz İsrailin hücumları nəticəsində bircə livanlı rəsmi də ölməyib. Lakin başda Həsən Nəsrullah olmaqla çox saylı “Hizbullah”, HƏMAS liderləri həyatını itirib. Buradan belə qənaətə gəlmək olar ki, İsrail Livanla deyil, terror təşkilatı kimi tanıdığı “Hizbullah”la mübarizə aparır. Bu baxımdan İsrailin Livanda keçirdiyi əməliyyatlar antiterror əməliyyatlarıdır. Müqayisə üçün bunu Türkiyənin Suriya və İraqın şimalında keçirdiyi əməliyyatlara bənzətmək olar.
İsrailin “Hizbullah”a qarşı keçirdiyi əməliyyatlar Livan hökumətinin maraqlarına uyğundur. Məsələ ondadır ki, uzun illərdir Livanda mərkəzləşmiş dövlət, güclü hakimiyyət qurulmur. Bunun səbəbi ilk vaxtlar iqtisadi, sosial problemlər idisə, sonralar “Hizbullah”ın bu ölkədəki varlığı, fəaliyyəti oldu. Bu mənada Livan hökuməti İsraillə birbaşa toqquşmaya girmir, əksinə “Hizbullah” dayaqlarının sarsılmasına göz yumur. Müqayisə üçün deyim ki, Fələstin dövləti də İsrailin Qəzzadakı əməliyyatlarına seyrçi qalıb, çünki HƏMAS-ın zəifləməsində maraqlıdır.

Ərəb dünyasının səssizliyinə gəldikdə isə deyə bilərəm ki, son proseslər fonunda, Ərəb dünyası İsrailə ciddi reaksiya vermir. Bunun ehtimal səbəbləri kimi ərəb dünyasında birliyin olmaması, İsrailin texnoloji və hərbi baxımdan əksər ərəb ölkələrindən güclü olması və ya son zamanlar İsraillə Ərəb dövlətlərinin yaxınlaşmasını göstərmək olar.

Ərəb ölkələri İsrailin nə etmək istədiyini bilir. Belə ki, HƏMAS-ın 7 oktyabr 2023-cü ildəki hücumunun əsas məqsədi İsrail-Ərəb normallaşmasını dayandırmaq idi. Ərəb ölkələri hər iki proksinin regiondan silinməsinin vacibliyini başa düşür. Buna görə də proseslərə təmkinli mövqe sərgiləyir.

Əslində, ərəb ölkələri gec də olsa mərhum Misir prezidenti Ənvər Sadatın “İsraili tanıyaq” fikrini mənimsəyib. Bu gün ərəb ölkələrinin bir çoxu İsraillə münasibətləri normallaşdırıb, regiondakı İran təsirini qırmaq istəyirlər”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 18:26
01 oktyabr 2024, 17:30
01 oktyabr 2024, 17:13
Top