YapiKredi Müraciət Forması
İdman Özəl

Zarafatı ağır başa gəldi: Çin qalmaqalı ona ildə 7 milyon avroya ziyan vuracaq

Zarafatı ağır başa gəldi: Çin qalmaqalı ona ildə 7 milyon avroya ziyan vuracaq

"Real Madrid"in hücumçusu Kilian Mbappe Çinin keçmiş lideri Mao Tszedunu "diktator" adlandırdığı video ilə bağlı qalmaqalın maliyyə nəticələri ilə üzləşib. Fransalı futbolçunun Çin şirkətləri ilə əməkdaşlıq müqavilələrini itirdiyi bildirilir.

Demokrat.az xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri "L"Équipe" qəzetinə istinadən məlumat yayıb.

Məlumata görə, Mbappenin açıqlaması Çində ciddi narazılığa səbəb olub. Ölkənin rəsmi televiziyası İspaniya La Liqasının oyunlarının yayımını qismən dayandırıb, bir sıra çinli sponsorlar isə futbolçu ilə əməkdaşlığa son qoyduqlarını açıqlayıblar.

Qalmaqalın Mbappenin iki reklam müqaviləsinə təsir etdiyi bildirilir. Bunlardan biri enerji içkiləri istehsal edən Pocswella, digəri isə Çinin tanınmış süd məhsulları şirkəti "Mengniu" ilə bağlıdır. Həmin müqavilələr fransalı futbolçuya ildə ümumilikdə təxminən 7 milyon avro qazandırırdı. Müqavilələrin 2027-ci ilin fevral və mart aylarında başa çatacağı, qalmaqal yaranmasaydı, onların yenilənməsinin gözlənildiyi qeyd olunur.

Mbappe baş verənlərdən sonra üzr istəyib. O, açıqlamasında fikirlərinin yersiz olduğunu etiraf edərək sözlərinin Çində və dünyanın müxtəlif yerlərində yaşayan çinlilərin hisslərinə toxunduğunu anladığını bildirib.

"Bu sözlərimlə kimisə incitmişəmsə, üzr istəyirəm. Məqsədim bu olmayıb. Çin xalqına və onun tarixinə böyük hörmət bəsləyirəm", – deyə futbolçu vurğulayıb.

Bununla belə, Fransa mətbuatının məlumatına əsasən, Mbappenin üzrü sponsorlarla bağlı yaranmış vəziyyəti dəyişməyə bilər.

Jalə