YapiKredi Müraciət Forması
Özəl Təhsil

"Mükəmməl qərardır, görək necə tətbiq olunacaq?"

Mükəmməl qərardır, görək necə tətbiq olunacaq?

Dövlət məktəblərində şagirdbaşına maliyyələşmə mexanizminin tətbiqi təhsil sistemində yeni mərhələ hesab olunur. Bu model çərçivəsində hər şagird üçün ayrılan vəsaitin əvvəlcədən müəyyənləşdirilməsi məktəblərin maliyyə təminatına və tədris imkanlarına təsir göstərə bilər.

Bəs yeni mexanizm təhsilin keyfiyyətinin yüksəldilməsinə və məktəblər arasında fərqlərin azalmasına nə dərəcədə kömək edəcək?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, məktəblərdə tətbiq olunan şagirdbaşına maliyyələşmə mexanizmi həqiqətən də çox vacib qərar və yerində atılmış addımdır.

Mükəmməl qərardır, görək necə tətbiq olunacaq?

Onun sözlərinə görə, bu qərarın qəbulunda bir qədər gecikmişik:

"Bu, çox vacib və zəruri idi. Düzgün və səmərəli maliyyə bölgüsü məktəbi ayaqda saxlayan ən vacib prinsiplərdən biridir. Burada əmsallar var. Aşağı sinif şagirdləri üçün bir əmsal, orta siniflər üçün 0,5, yuxarı siniflər üçün isə 0,7 əmsalı tətbiq olunur. Bu əmsallar şagirdlərə ayrılan vəsaitin bölüşdürülməsi mexanizmini əks etdirir. Elə məktəblər var idi ki, orada şagirdlərin sayı az idi. Bunlar, əsasən, kəndlərdə və ucqar ərazilərdə yerləşən məktəblər idi.

Elə məktəblər də var idi ki, orada şagirdlərin sayı çox idi. Lakin maliyyə vəsaiti şagird sayına uyğun bölüşdürülmürdü. Yəni şagirdbaşına maliyyələşmə prinsipi nəzərə alınmırdı. Halbuki beynəlxalq təcrübədə bu sistemə çoxdan keçilmişdi və artıq başqa alternativin mövcudluğu da düşünülmürdü.

İndi isə vəziyyət fərqlidir. Təhsilin inkişafını sürətləndirmək və gücləndirmək üçün bu məsələyə xüsusi diqqət yetirməli idik. Vəsaitin səmərəli şəkildə ayrılması məktəbdə maliyyə resurslarının və büdcənin düzgün, nizamlı şəkildə xərclənməsinə gətirib çıxaracaq. Bu da şagirdlərin təhsilinin inkişafına, məktəb şəraitinin yaxşılaşmasına və müəyyən hallarda müəllimlərin əməkhaqqına müsbət təsir göstərə bilər. Qərarın özü mükəmməl ola bilər. İndi gözləməliyik ki, onun tətbiq mexanizmi necə olacaq".

Nuray Paşşanlı