YapiKredi Müraciət Forması
Özəl Media

"Süni intellektlə bağlı hələ çox problemlər üzə çıxacaq"

Süni intellektlə bağlı hələ çox problemlər üzə çıxacaq

Süni intellektin inkişafı kitabların məzmununu saniyələr ərzində qısa şəkildə əldə etməyə imkan verir. Artıq bir çox insan bütöv kitabı oxumaq əvəzinə, onun xülasəsi ilə kifayətlənir. Bu isə mütaliə vərdişlərinin dəyişməsi və insanların məlumatı dərindən mənimsəməsi ilə bağlı suallar yaradır.

Bəs süni intellektin hazırladığı kitab xülasələri mütaliəyə marağı azalda və insanların düşünmə qabiliyyətinə təsir göstərə bilərmi?

BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Demokrat.az-a açıqlamasında bildirib ki, süni intellekt bir vasitədir.

Onun sözlərinə görə, süni intellekt insan əməyini müəyyən mənada sürətləndirir və daha səmərəli edir, müxtəlif əməliyyatları qısa müddətdə yerinə yetirir və hesablamalar aparır:

"Lakin heç bir halda insan zəkasını və insanın özünü tam əvəz edə bilmir. Bu, kitab çapı və nəşrinə də aiddir. Süni intellektə düzgün suallar verməklə və istiqamət göstərməklə istənilən mövzuda kitab hazırlamaq mümkündür. Mütaliə vərdişi olan insanlar isə əsəri oxuyarkən onun süni intellekt, yoxsa insan tərəfindən yazıldığını müəyyən edə bilirlər. Süni intellekt xüsusilə elm və digər intellektual sahələrdə asan yolla nəticə əldə etmək istəyən insanlar üçün əlverişli imkanlar yaradır. Lakin həqiqi elmi səviyyəyə yalnız süni intellekt vasitəsilə nail olmaq mümkün deyil. Bunu nəzərə almalıyıq.

Əlbəttə, əgər kitabların əksəriyyəti süni intellekt vasitəsilə yazılarsa, bu, insanların mütaliəyə marağının azalmasına səbəb ola bilər. Ancaq araşdırmalar, axtarışlar və yaradıcı təfəkkür nəticəsində ərsəyə gələn, gözəl dilə və üsluba malik olan, elmi populyarlaşdıran və ya bədii təfəkkürə xidmət edən əsərlər tamamilə fərqli səviyyədədir.

Düşünürəm ki, yaxın gələcəkdə süni intellektin yazdığı mətnləri insan zəkasının məhsulu olan əsərlərdən fərqləndirmək üçün müxtəlif proqramlar hazırlanacaq. Bununla da mətnin süni intellekt, yoxsa insan tərəfindən yazıldığını müəyyənləşdirmək asanlaşacaq.

Hesab edirəm ki, qarşıda süni intellektlə bağlı hələ çox problemlər ortaya çıxacaq və biz bu məsələnin müxtəlif aspektlərini müzakirə etməli olacağıq".

Nuray Paşşanlı