Nazim Bəydəmirliyə hökm oxundu

KRİMİNAL 30 sentyabr 2024, 16:01
Hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə Nazim Bəydəmirlinin vəkili Aqil Layc müdafiə çıxış edib.

Vəkil deyib ki, Nazim Bəydəmirli günahsızdır. Vəkil onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Vəkil həmçinin çıxışında Nazim Bəydəmirlinin barəsində istintaqı aparan şəxslərin barəsində xüsusi qərardad çıxarılmasını istəyib.

Daha sonra Nazim Bəydəmirli son söz deyib. O bildirib ki, onu həbs edənlərin, həbsini sifariş verənlərin həbs edilməsini istəmir. Sabiq deputat onun barəsində istintaq aparan şəxslərin barəsində xüsusi qərardadın çıxarılmasını istəməyib. O deyib ki, heç bir cinayət törətməyib. Bildirib ki, nə iqtidara, nə də müxalifətə yazın olmayıb, müstəqil siyasətçi kimi fəaliyyət göstərib: "Mən deputat olanda da müstəqil fəaliyyət göstərmişəm. Dövrü mətbuatda məni Yeni Azərbaycan Partiyasının deputatı kimi təqdim ediblər. Amma mən həmin partiyadan namizədliyim irəli sürməmişəm. Mən müstəqil namizəd olaraq deputat seçilmişəm".

Nazim Bəydəmirli daha sonra çıxışında bildirib ki, həbsini siyasi sifariş olaraq təqdim etməyib. Sabiq deputat onu müdafiə edənlərə təşəkkür edib. Bildirib ki, barəsində bəraət hökmünün çıxarılmasını istəyir: "Hansı cəza verilməsindən asılı olmayaraq dövlətdən heç bir kompensasiya tələb etməyəcəm. Məhkəmədən bəraəti ona görə istəyirəm ki, günahsızam. Yalançı şərin, yalançı şahidlərin dindirilməsi ilə sübut etdi ki, onlar Ədalət Bağırovun dediklərini deyiblər. 15 ay ailəmdən kənarda qalmaqda bu mənə bir əzabdır. Bu da bu gün davam edir. Məhkəmə bu gün bu əzaba son qoya bilər. Mənim günahım olsaydı, başımı qaldırıb heç kimin üzünə baxmazdım. Məhkəmənin ədalətinə güvənirəm". 
Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirəyə yollanıblar. Müşavirədən qayıdan hakimlər hökm elan ediblər. Məhkəmənin hökmü ilə Nazim Bəydəmirli 8 il müddətinə azadlıqdan mərhum edilib.

Qeyd edək ki, bundan əvvəl çıxış edən dövlət ittihamçısı Nazim Bəydəmirlinin 9 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.

İttihama görə, Nazim Bəydəmirli az sonra Mürsəl İbrahimovu yenidən hədələyib və daha 50 min dollar pul tələb edib. Bu dəfə isə 30 min dollar alıb.

Nazim Bəydəmirliyə verilən ikinci ittiham isə özünün də pay sahibi olduğu “Avto-Qarant” ASC ilə bağlıdır. İttihama görə, sabiq deputat bu şirkətin Müşahidə Şurasının sədri Ədalət Bağırovu müxtəlif qadınlarla intim görüntülərini internetdə yaymaqla hədələyib, ondan 50 min manat pul tələb eləyib. Bir müddət sonra ondan 10 min manat pul alıb.

Qeyd edək ki, cinayət işi üzrə İbrahimov Mürsəl Fəyaz oğlu və Bağırov Ədalət Əziz oğlu zərərçəkmiş qismində tanınıblar.Nazim Bəydəmirliyə Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Daha sonra ona əlavə olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə - təkrar törədildikdə) maddəsi ilə yenidən ittiham verilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 00:25
30 sentyabr 2024, 21:30
Top