Ərini başqa qadınla bir yerdə gördü və... — TƏFƏRRÜAT

KRİMİNAL 30 sentyabr 2024, 15:11
Masallı rayonunda ər arvadına xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə,  Masallı Rayon Mərkəzi Xəstəxanasının həkimi Ə.Həsənov Masallı Rayon Polis Şöbəsinin növbətçi hissəsinə zəng edərək, Masallı şəhəri, Talışxanov küçəsində yaşayan 1976-cı il təvəllüdlü Vüsalənin (adlar şərti verilib – red.) müxtəlif nahiyələrinin qançırları diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat verib. 

Eyni zamanda Vüsalə polis şöbəsinə ərizə ilə müraciət edərək göstərib ki, həyat yoldaşı, 1981-ci il təvəllüdlü Xəyyam ona xəyanət etdiyi üçün aralarında mübahisə yaranıb. Mübahisə zamanı Xəyyam onun bədəninin müxtəlif yerlərinə vuraraq, xəsarətlər yetirib. 

Toplanmış material üzrə Masallı Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılıb. Xəyyamın barəsində cinayət işinin başlanması rədd edilib. Onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsinin tərkibi olduğu müəyyən olunub. 

Bu səbəbdən Xəyyamın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və iş baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

İş üzrə izahat verən Xəyyam bildirib ki, 2016-cı ildə Vüsalə ilə ailə həyatı qurub: “Bizim birgə nikahdan Pərviz adlı bir övladımız var. Pərviz ürək çatışmazlığından əziyyət çəkir. Mənim arvadım Masallı şəhərində orta məktəblərdən birində ibtidai sinif müəllimi işləyir”.

Xəyyam bildirib ki, hadisə günü, saat 16-17 radələrində işdən evə gəlib: “Bu zaman evimin qapısının bağlı olmasını gördüm. Vüsaləyə zəng edərək harada olmasını soruşdum. Vüsalə mənim dostum Fəridənin evində olduğunu və ora gəlməyimi bildirdi. Mən Fəridənin evinə gəldim və qapını açaraq evə daxil olanda Vüsalə üzərimə gəldi. Mənə bildirdi ki, sənə Fəridə ilə dostluq etməyə icazə vermişəm, digər qızlarla yox. Həmin vaxt Fəridə bizi sakitləşdirdi. Bu zaman Vüsalə bizə telefonunda şəkil göstərdi. Biz Vüsaləyə  həmin şəklin Fəridənin vaxtı ilə ofisantı olmuş şəxsə aid olmasını bildirdik. Bu zaman Vüsalə bildirdi ki, Fəridənin yanında ofisant işləməyə gedəcək, orada kişilərlə şəkil çəkdirəcək. Həmin vaxt əsəbləşərək Vüsalənin sol qolundan qəsdən tutdum və sıxaraq itələdim. Vüsalə divananın üzərinə yıxıldı. Vüsalə məndən boşanmağı xahiş etdi. Mən Vüsaləyə söz verdim ki, ondan boşanacam. Mən Vüsaləni döyməmişəm. Hadisə vaxtı Fəridənin evində ondan başqa da bir xanım olub. Daha sonra Vüsalə qərəzli olaraq məndən şikayət edib”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Vüsalənin sözlərinə görə, Xəyyamla ailə həyatı qurandan aralarında mütəmadi mübahisələr olur: “Lakin, ailəmin dağılmamasından ötrü səbr edərək dözmüşəm. Hadisə günü, saat 17 radələrində evdə olarkən Xəyyam mənə şübhəli halda bildirdi ki, Vüsalə birdən məni izləyərsən, əgər məni izləsən səni məhv edərəm. Mən də ona bildirdim ki, nə etmisən, səni izləyəm. Xəyyam isə “sözdür dedim” – deyə cavab verdi. Sonra Xəyyam evi tərk etdi. Mən evin pəncərəsindən Xəyyamın hara getməsinə baxdım. Həmin vaxt Xəyyamın bizim qaldığımız binanın qarşısında olan binanın 1-ci blokuna daxil olmasını gördüm. Xəyyamın blokdan çıxmasını 15 dəqiqə gözlədim. Lakin, Xəyyam həmin blokdan çıxmadığını görərək əsəbləşdim. Oğlumu da götürərək həmin binaya getdim. Mən həmin binanın blokunda olan üç mənzilin birinin qapısını döysəm də, açan olmadı. Növbəti qapını döyərək, Xəyyama zəng etdim. Bu zaman Xəyyamın telefonun səsini həmin mənzildən eşitdim. Qapını bərk döyərək bildirdim ki, Xəyyam bilirəm, burdasan. Həmin vaxt Fəridə adı ilə tanıdığım qadın qapını yarı çılpaq vəziyyətdə açdı və bildirdi ki indi Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edəcəkdir. Bu zaman Xəyyam qaçaraq evdən çıxdı, avtomaşınına əyləşdi və avtomaşını öz binalarının qarşısına idarə edərək apardı. Sonra Xəyyam mənə zəng edərək harada olduğumu soruşdu. Ona bildirdim ki, gördüyün yerdəyəm”.

Vüsalənin ifadəsinə görə, təxminən 2-3 dəqiqə sonra Xəyyam ora gəlib: “Məndən heç nə olmamış kimi soruşub ki, sən burada nə edirsən? Bu zaman Xəyyam üzərimə gəldi. Məni təhqir edərək, təpik və yumruqla bədənimin müxtəlif yerlərinə vurdu. Sonra da məni həmin mənzilin çıxış qapısına və divarına çırpdı. Mən huşumu itirdim. Orada olan oğlumun köməyi ilə ayağa qalxdım. Həmin vaxt Fəridə qapını içəridən bağladı və Xəyyamla birlikdə mənə izah etməyə çalışdılar ki, onlar dostdurlar, onların aralarında heç nə ola bilməz. Onlar bir yerdə kafe işlədirlər. Xəyyam dedi ki, binanın çıxışında Fəridə ilə görüş, qonşular şübhələnməsin. Mən Xəyyamın dediyi kimi binanın çıxışında olan şəxslərin yanında məcbur qalaraq Fəridə ilə sağollaşdım. Xəyyam mənimlə evə gəldi. Evdə olarkən mənə müştəri gözləyir deyərək, evi tərk etdi. Mən bir qədər evdə qaldıqdan sonra oğlumu da götürərək evi tərk etmək istəyərkən, mənzilin qapısının kilitli olduğunu gördüm. Bu zaman Xəyyamın gedərkən mənzilin qapısını kilitləməsini və açarı özü ilə aparmasını bildim. Mən məcbur qalaraq həmin günü evdə gözlədim. Növbətu gün, günorta saatlarında Xəyyam evə gəldi. Mən Xəyyama işə gedəcəyimi dedim, çox çətinliklə mənzilin açarını ondan aldım. Sonra oğlumu da götürərək evi tərk etdim”. 

Vüsalə bildirib ki, hazırda Xəyyamla barışmayıb. Ona ağır cəza verilməsini məhkəmədən xahiş edib. 

Masallı Rayon Məhkəməsinin qərarı ilə Xəyyam 30 gün müddətinə inzibati qaydada həbs edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 00:25
30 sentyabr 2024, 21:30
Top