Kassada 732 manat kəsir yarandı: Müdir satıçıdan şübhələndi, sonra isə...

KRİMİNAL 01 oktyabr 2024, 23:22
Bakının Xəzər rayonunda 1996-cı il təvəllüdlü Əmrah şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı İslama xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 24-də Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Əmrah həmin qəsəbədə yerləşən icarəyə götürdüyü köşkdə orada satıcı kimi işləyən İslamın ticarət etdiyi zaman hesab dövriyyəsində əskiklik olması ilə təqsirli hesab edib, onun sifət nahiyyəsinə yumruq və şillə ilə zərbələr vurub.

Hadisəni törədən Əmrahın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əmrah ona elan olunmuş ititham üzrə özünü təqsirli bilib. O bildirib ki, İslamı hadisədən 2 ay əvvəl tanıyıb: “İlk əvvəl İslam icarəyə götürdüyüm Binə qəsəbəsində yerləşən köşkdə işləyirdi. Daha sonra təxminən hadisədən 1 ay əvvəl Mərdəkan qəsəbəsində icarəyə götürdüyüm köşkə gecə növbəsində işləməsi üçün ona müraciət etdim. İslam buna razılıq verdi. İslam əvvəllər də köşkdən xırda siqaret, su götürərək mənə bildirməyibr. Əvvəllər bu faktlara görə ona irad bildirmişəm. O, da xəstə anasının olmasını, atasının az maaş almasını, evi dolandıra bilməyəcəyini deyərək məndən işi davam etdirməyinə şərait yaratmağımı xahiş etdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə mayın 23-də, axşam saatlarında Mərdəkan qəsəbəsində yerləşən köşkə gəlib: “Hesab apardım, hesabda əskik kəsrin gəldiyini müəyyən etdim. Bu barədə hər iki növbədə işləyən şəxslərə bildirdim ki, aylıq 732 manat hesabda kəsri var. Mayın 24-də köşkün içərisində olan videomüşahidə kamerasına baxdım. İslamın 1 gündə 3-4 saat ərzində köşkün içərisindən ayrı-ayrı vaxtlarda 60 manat nağd pul, 8 manat da əlavə yemək və su götürdüyünü aşkar etdim. Mobil telefonla İslama zəng edərək taksi ilə köşkə gəlməsini bildirdim. Təxminən 1 saatdan sonra İslam köşkə gəldi. Ondan kəsrin səbəblərini soruşdum. İslam bildirdi ki, hadisədən əvvəlki gün, axşam kassadan nağd şəkildə 50 manat pul götürüb. Bu zaman əsəblərimi cilovlaya bilməyərək şillə və yumruqla ona sifət nahiyyəsindən xəsarət yetirdim. Köşkdə olan digər satıcı Murad bu zaman mübahisəni soyutmağa çalışdı. Daha sonra İslam köşkü tərk edərək oradan uzaqlaşdı”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən İslamın sözlərinə görə, mayın 24-də, səhər saatlarında işdən evə gəldikdən sonra təxminən saat 08:00-da Əmrah ona zəng edib və hesabda kəsrin olduğunu telefonda bildirib: “Əmrah məni köşkə dəvət etdi. Mən taksi ilə ora getdim. Ora çatdıqda Əmrah məndən 1 aylıq 228 manat kəsrin nəyə görə gəldiyini soruşdu. Ona “niyə istəyim ki, mənim kəsrim gəlsin və mənim maaşımdan çıxılsın” deyə bildirdim. Ona kəsri olmasından və Əmrahın nədən şübhələnməsindən xəbərim olmadı. Əmraha bildirdim ki, ayrı-ayrı vaxtlarda su, peçenye və pul götürmüşəm, onlar da hamsı ümumi 50 manat təşkil edib. Daha sonra Əmrah əsəbləşərək köşkün içərisində sifətimə yumruq və şillə ilə xəsarətlər yetirməyə başladı. Orada olan gündüz növbəsində işləyən Murad adlı şəxs də hadisə zamanı köşkdə idi. Daha sonra Əmrahla aramızda mübahisə soyudu və mən köşkü tərk etdim”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənilməsi, zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması nəzərə alıb. Bu səbəbdən Əmrahın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top