"Qlobal iqlim dəyişikliyi fonunda bəzi ölkələrdə uşaqların taleyi sual altına düşür" — AÇIQLAMA

SOSİAL 02 oktyabr 2024, 14:14
"Bakı İqlim Fəaliyyəti Həftəsi" davam edir. Bu çərçivədə keçirilən "İqlim dəyişiklikləri və uşaqlarla bağlı yüksək səviyyəli milli tədbir" adlı tədbirdə UNİCEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah deyib ki, dünyada 1 milyard uşaq iqlim dəyişikliyi səbəbindən yüksək riskli ölkələrdə yaşayır. 

Onun sözlərinə görə, iqlim dəyişikliyi uşaqların əqli inkişafına təsir edir: 

"Həmçinin, uşaqlar təhsil imkanlarından da məhrum olurlar. Xəstəliklərin 88 %-i iqlim dəyişikliyi səbəbindən yaranır və 5 yaşa qədər uşaqlar bundan daha çox təsirlənirlər".

Həkim-professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında iqlim dəyişikliyinin nəinki uşaqlara, böyüklərə, digər canlılara da təsiri olduğunu deyib:

“Təsəvvür edin ki, iqlimin köklü şəkildə dəyişməsi, qlobal istiləşmə, atmosfer havasında toplanmış suyun küləklə başqa yerlərə dağıdılması Yer kürəsindəki biosenoza, relyefə çox təsir edəcək, bunu zamanla görəcəyik. Bu gün Afrika qitəsində qar, yağış yağması heç də təsadüfi deyil. Qlobal iqlim  dəyişikliyi fonunda bəzi ölkələrdə uşaqların da taleyi sual altında olur. Bəzi ölkələrdə uşaqlar müdafiəsizdirlər – kondisioner imkanı yox, qidalanma kifayət qədər yetərli deyil, böyük yaşlı uşaqlar daha çox təhlükə altındadırlar. 

Dünya iqlim dəyişikliyi qarşısında artıq həyəcan təbili çalır. Ümumdünya Səhiyyə Təşkilatının xəbərdarlıqları, keçirilən tədbirlər, həmçinin, noyabr ayında ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransı bu qəbildəndir. Dünya bunun çıxış yollarını aramaqdadır. Yaşıl enerjiyə keçid, atmosfer havasını çirkləndirən faktorların aradan qaldırılması yolları barədə təkliflər bu istiqamətdə görülən tədbirlərdəndir”.


Törə Zeynallı
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top