Cəlilabadda yeznə-qayın arasında qanlı dava — TƏFƏRRÜAT

KRİMİNAL 02 oktyabr 2024, 15:46
Cəlilabad rayonunda 1984-cü il təvəllüdlü Sərvan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qaynı Vəliyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 16-da Cəlilabad rayonunun  kəndlərindən birində baş verib. 

Sərvan həmin kənddə yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində qaynı Vəli ilə aralarında yaranan mübahisə zamanı təsərrüfat işlərini görmək məqsədi ilə üzərində gəzdirdiyi bıçaqla ona xəsarətlər yetirib. 

Hadisəni törədən Sərvanın barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərvan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 

O bildirib ki, zərərçəkmiş Vəli onun qaynıdır: 

“Hadisə günü arvadım Südabə ata evindən yaşadığımız kənddəki evimizə qayıtdı. Bundan əvvəl isə arvadım anam ilə mübahisə etmişdi, qayınatam isə gələrək arvadımı öz evlərinə apardı. Arvadımın gəldiyini gördükdə yenidən mübahisənin olmaması üçün sahə müvəkkilinə zəng edərək məlumat verdim. Arvadım ata evinə getdikdən sonra da aliment tələbi ilə məhkəməyə müraciət etmişdi. Lakin arvadım evə qayıtdıqda mənə  ata, anasının gəldiyindən xəbərlərinin olmadığını dedi. mən isə həmin vaxt qayınanama zəng vurdum, lakin telefona qayınatam cavab verdi. Qayınatam həm də mənim doğma dayımdır. Zəng vurmaqda məqsədim uşaqlarının paltarlarının göndərilməsini demək olub”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadının atası telefonda ona hədə-qorxu gəlib, söyüş söyüb, gələrək onu öldürəcəyini deyib: 

“Bundan sonra özüm Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat verdim. Lakin bildirdilər ki, iş məhkəmədə araşdırılır, məhkəməyə müraciət etmək lazımdır. 

Düşündüm ki, dayım gələrək anam ilə yenə mübahisə edər, bu səbəbdən sahə müvəkkilinə yenidən zəng vurdum. Lakin sonuncu telefona cavab vermədi. Özüm isə qonşuda işləyirdim. Həmin vaxt gördüm ki, qayınatam Mahmud, qayınanam Zemfira, qaynım Vəli həyətimizə gəliblər. Bu zaman yaşadığım həyətə keçmdim, on dəqiqə gözlədim. Lakin gördüm ki, onlar getmirlər. Bundan sonra özüm həyətə keçdim. Qaynım Vəli ilə danışdım. Belə razılaşdıq ki, Vəli atası Mahmudu sakitləşdirərək aparsın, lakin uşaqlara dəyməsin. Razılaşdıqdan sonra isə özüm qayıdaraq həyətdən çıxmağa çalışdım”.

Sərvərin ifadəsinə görə, bu zaman Mahmud əlində armaturla üstünə gəlib: 

“Özümü qorumaq üçün işlədiyim bıçağı üstümdən çıxardım ki, qorxsun, yaxın gəlməsin. Mahmud isə mənə söyüşlər söydü. Mən isə cavab qaytardım. Həmin vaxt Vəlidə əlinə balta götürərək üstümə gəldi. Vəli həmin vaxt qonşusu çəpər düzəltdiyindən orda qalmış baltanı götürmüşdü. Lakin əmim oğlu və qonşumuz Vəlini tutdu. Bu an həyətdən çıxmaq istəyərkən birdən Vəli böyür tərəfdən məni tutdu. Bu zaman əlimdə bıçağı fırlatdım. Gördüm ki, Vəli yerə yıxıldı. Onda bildimki, Vəlini bıçaqla vurmuşam. Əlimdə bıçağı fırlayanda bıçağın necə Vəliyə dəyməsin bilməmişəm. 

Vəlini bıçaqla vurmaq məqsədim olmayıb. Həmin vaxt Vəlinin anası, atası və bacısı orda olub. Nə baş verdiyin görüblər. Daha sonra əmim oğluna dedim ki, tez xəstəxanaya apar. Əmim oğlu isə Vəlini Zemfira ilə birgə xəstəxanaya apardı. Özüm də 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdim. Daha sonra bölmədən gələrək məni apardılar. Hadisə özümü müdafiə etdiyimdən, ehtiyyatsızlıqdan törədilib. Əməlimdən peşmanam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Vəlinin sözlərinə görə, özü hadisə baş verən zaman marketdə satıcı-kassir vəzifəsində işləyib: 

“Həmin gün istirahət günü olub, küçəmizdə idim. Bu zaman atam Mahmud məni çağırdı, bildirdi ki, Sərvər telefonda onunla nalayiq danışıb, davaları olub. Atam dedi ki, gedək ora, lakin atama getməməyi telefonda əlaqə saxlamağı bildirdim. Atam isə getməli olduğumuzu, Sərvərin özünün onu çağırdığını bildirdi. Bundan sonra özüm, atam və anam birlikdə taksi ilə Sərvərin yaşadığı ünvana getdik. Biz onların həyətinə daxil olduq. Bu zaman atam Mahmud bacım Südabəni çağırdı. Həyətdə isə bibimi, yəni Sərvərin anasınl gördüm. Lakin ona yaxınlaşmadım. Bu zaman Sərvərin əmisi oğlu Əfsən və atamı tanıyan oradakı qonşular gəldi. Onlar atamın yanında oldular, məni tutaraq saxladılar. Bundan sonra Əfsən məni kənara söhbət etmək üçün çağırdı. Sonra ora Sərvər də gəldi. Birlikdə söhbət edərək razılaşdıq ki, atamı sakitləşdirərək evə aparım. Sonra Sərvər məndən uzaqlaşaraq kənara keçdi. Özüm də arxayın oldum ki, Sərvər gedir, atamı da sakitləşdirərək evə aparacam. Özüm isə Əfsənlə danışmağa başladım. Birdən gördüm ki, atam ilə Sərvər mübahisə edir, söyüşlər söyürlər. 

Yaxınlaşdım ki, Sərvər həyətdən çıxsın, mən də atamı aparım. Həmin vaxt Sərvərin əlində heç nə görmədim. Yaxınlaşan zaman isə Sərvər məni bıçaqla vurdu. Bıçaq dəyəndən sonra yerə yıxıldım. Sərvər isə meşəyə tərəf qaçdı. Məni Əfsənin maşınına qoyaraq xəstəxanaya apardılar”. 

İş üzər şahid qismində ifadə verən Südabənin sözlərinə görə, 2023–cü ilin fevral ayında ər evinə əşyalarına baxmaq üçün gedib: 

“Həmin vaxt məni Sərvərin anası həyətə çıxaraq qarşıladı. Dedi ki niyə gəlmisən. Mən isə heç nə demədən yuxarı çıxdım. Yuxarıda otaqda əşyalarımı yığarkən gödüm ki, atam, anam və qardaşım gələrək aşağıda danışırlar. Həmin vaxt atam ilə Sərvərin anası arasında sözlü mübahisə oldu. Bundan sonra Sərvər qonşudan gəldi və atam ilə sözlə mübahisə etməyə başladılar. Qardaşım isə atamı sakitləşdirməyə başladı. Özüm də həmin vaxt onların yanına gəldim. Bir an Sərvər qardaşım Vəliyə yaxınlaşdı və əlindəki bıçaqla onu vurdu. Sərvər Vəlini bıçaqla vurarkən gördüm”. 

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərvər 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmdən narazı qalan dövlət ittihamçısı tərəfindən apellyasiya şikayəti verilib. 

O, barəsində çıxarılan hökmün ləğv edilməsini, onun əməlinin Cinayət Məcəllənin 130 (zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma) və ya 131-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma) maddəsinə tövsif edilməsini xahiş edib.

Şikayət araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətinin dəllərini araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. 

Qərara görə, təqsirləndirilən şəxsin apellyasiya şikayəti haqlı hesab edilməyib. Buna görə də onun şikayəti təmin olunmayıb. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top