Ruslan Quliyev: Yeni qərar Qarabağ və Şərqi Zəngəzurda turizm marşrutlarının inkişafına dəstək olacaq

GÜNDƏM 10 iyul 2025, 22:31
Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin daha rahat və planlı həyata keçirilməsi üçün müddət iki gündən beş günə uzadıldı. Biz inanırıq ki, bu müddət gələcəkdə daha da uzadılacaq. Bu, Qarabağ və Şərqi Zəngəzurda müxtəlif turizm marşrutlarının şaxələndirilmiş inkişafına dəstək olacaq.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev deyib.

Onun sözlərinə görə, Şuşa və Laçına “Zəfər yolu” ilə gedən turistlər həmin bölgələri ziyarət etdikdən sonra rahat şəkildə Kəlbəcərə gedə biləcəklər. Gələcəkdə isə “Qırmızı Körpü” vasitəsilə Gəncə üzərindən Naftalan, Tapqaraqoyunlu və Suqovuşan marşrutu ilə Ağdərə, Xankəndi və geri dönüşdə Ağdam və digər istiqamətləri də ziyarət etmək mümkün olacaq. Bu isə həm ekoloji marşrutların müxtəlifləşməsi baxımından ekoturizmin inkişafına, həm də sağlamlıq və təhsil turizminin formalaşmasına, mədəni marşrutların daha geniş tətbiqinə imkan yaradacaq. Həmçinin portalda qeydiyyatdan keçdikdən sonra turistlərin bu bölgələri daha geniş şəkildə və kifayət qədər vaxtla ziyarət etməsi mümkün olacaq”, - deyə R.Quliyev diqqətə çatdırıb.

O əlavə edib ki, Azərbaycan Hava Yolları ilə Füzuliyə bilet alan şəxslərin avtomatik olaraq portaldan qeydiyyatdan keçməsi və mehmanxana bronları zamanı sistemə inteqrasiya olunması bu prosesləri daha rahat edir. Bu, insanların bölgəyə səfər etməsini asanlaşdırır və kütləviliyin artırılması baxımından çox əhəmiyyətlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top