Milli İncəsənət Muzeyində təsviri sənət sərgisi — FOTOLAR

İNCƏSƏNƏT 02 oktyabr 2024, 09:55
28 sentyabr – 1 oktyabr tarixlərində Bakıda "Xəzər" Biennalesi Platforması keçirilir.

Oktyabrın 1-də layihə çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində təsviri sənət sərgisinin açılışı olub.

Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı (ARİ) və Beynəlxalq Rəssamlar Klubunun təşkilatçılığı, Azərbaycan Milli İncəsənət Muzeyinin dəstəyi ilə keçirilir.

Açılış mərasimində mərasimdə mədəniyyət naziri Adil Kərimli, ölkəmizdən və xaricdən incəsənət xadimləri iştirak ediblər.

Qonaqları salamlayan Milli İncəsənət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova sərgi haqqında məlumat verib. Qeyd edilib ki, sərgidə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Türkiyə, Bəhreyn və Macarıstandan rəssamların əsərləri nümayiş olunur. Sərgi region ölkələrinin mədəni müxtəlifliyini yeni bir baxış bucağından təqdim edir. O, milli kimliyin sənət vasitəsilə araşdırılması, xəyal edilən coğrafiyalar və tarixlə müasirlik arasındakı əlaqələrin alternativ şərhləri üzərində cəmləşir. Müasir incəsənət təkcə rəssamların fərdi təəssüratlarını əks etdirmir, həm də cəmiyyətin kollektiv şüurunun səsi kimi çıxış edərək “Biz kimik və hara gedirik?”, “Tarix və mədəniyyətimizdəki keçid dövrü sona çatdımı?” kimi sualları ortaya qoyur.

Bildirilib ki, sərgidə müxtəlif forma, janr və mövzulara aid əsərlər təqdim olunur və hər bir rəssam özünəməxsus mərkəz nöqtəsini tapmağa çalışır. Sərgi realizmdən abstraksiyaya və sürrealizmə qədər olan geniş sənət axınlarını, həmçinin konseptual axtarışları nümayiş etdirir. Təqdim olunan əsərlərdə ənənəvi mədəniyyət elementləri mifoloji düşüncə, sufizm və simvolizmlə birləşərək müasir kontekstə gətirilir. Bir çox əsərdə Şərq dünyagörüşünə xas olan müşahidə və reallıqdan uzaqlaşma arzusu öz əksini tapır. Qərb və Şərq ideyalarının unikal sintezi müasir mədəni kimliyin formalaşmasına da mühüm töhfə verir. ARİ-nin sədri Xalq rəssamı Fərhad Xəlilov və Tacikistan Rəssamlar İttifaqının sədri Nərgiz Həmidova çıxış edərək “Xəzər” Biennalesinin əhəmiyyətindən söz açıblar. Vurğulanıb ki, biennale incəsənət sahəsində nailiyyətləri nümayiş etdirmək və yaradıcılıq haqqında dialoq aparmaq üçün vacib platformadır.

Sonda qonaqlar sərgi ilə yaxından tanış olublar. Sərgi oktyabrın 15-dək davam edəcək.































SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top