Azərbaycan diasporunun bugünkü problemi alimləri ölkəyə cəlb edə bilməməkdir — Konsepsiya hazırlanmalıdır

GÜNDƏM 14 sentyabr 2024, 19:31
Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlı alimlər sentyabrın 9-da Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda bir araya gəldi. 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadiminin iştirak etdiyi forum Azərbaycanın gücünün və birliyinin ifadəsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə baş tutan və üç gün davam edən tədbir çərçivəsində iştirakçılar işğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq məqsədilə Şuşa və Xankəndi şəhərlərində oldular, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparıldı. Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun təşkili, dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən azərbaycanlı alimlərin Bakıda toplanması mühüm hadisədir. Müzakirələr zamanı xaricdə yaşayan alimlərin Azərbaycanda elm və ali təhsilin inkişafında, beynəlxalq tələbə və professorların cəlbində rolundan danışıldı. Xaricdə yaşayan alimlərimizin elmimizin daha da inkişafına töhfə verə biləcəklərinə əminlik ifadə edildi.

Bu gün xaricdə diaspor fəaliyyəti ölkəmizin tanıdılması, elminin, mədəniyyətin, incəsənətinin, müasir inkişafının təbliği baxımından önəmlidir. Bu istiqamətdə fəaliyyətdə xaricdə yaşayan azərbaycanlı alimlər də əsas iştirakçıya çevrilməlidirlər. Qeyd etmək yerinə düşər ki, Vətən müharibəsi dövrü dünya azərbaycanlıların bir-birinə daha da yaxınlaşmasında mühüm bir mərhələnin başlanğıcı oldu. Hazırda dünyanın 51 ölkəsində 561 diaspor təşkilatı fəaliyyət göstərir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qeyd etdi ki, forumun keçirilməsində məqsəd müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfələr verməkdir. Yeniliklərdən və gələcək planlardan söz açan komitə sədri yaxın vaxtlarda xaricdə yaşayan soydaşlarımız üçün dərsliyin çap ediləcəyini bildirdi. F.Muradov nəzərə çatdırdı ki, Dövlət Komitəsinin fəaliyyəti həm də işğaldan azad edilən Qarabağda aparılan işlərlə bağlıdır: “Qarabağ Universitetində dünyaşöhrətli azərbaycanlı alimlərin çalışması elmimizə töhfə olardı. Azərbaycan dövləti elm və təhsilə, alimlərə kifayət qədər dəstək göstərir. Forumun təşkilində məqsədimiz dünyaşöhrətli alimlərimizlə yerli alimlərimiz arasında münasibətin, əməkdaşlığın qurulmasıdır”.



Elm və təhsil naziri Emin Əmrullayev də forumda iştirak edib. Azərbaycandan kənarda yaşayan alimlərimizlə inteqrasiyanın vacibliyinə toxunan E.Əmrullayev söylədi ki, son on il ərzində ölkədə elm və təhsil sahəsində xeyli müsbət işlər görülüb. Bu gün dövlət tərəfindən təhsillə bağlı müxtəlif proqramlar həyata keçirilir. Proqram çərçivəsində təhsil alan gənclərin ölkəyə qayıtması və öz biliklərini paylaşması prioritet məsələdir. Nazir bu baxımdan xaricdə yaşayan alimlərimizdən gözləntilərin çox olduğunu diqqətə çatdırdı.

Forumda çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev vurğuladı ki, xaricdə yaşayan azərbaycanlı alimlərin iştirakı ilə elmimizin inkişaf etdirilməsi, yeni dövrün tələblərinə uyğun kadrların yetişdirilməsi zamanın tələbidir.

H.Hacıyev hesab edir ki, hazırda çox istedadlı gənclərimiz yetişir və onlar elmimizə, təhsilimizə böyük töhfələr verəcəklər. 

Tarixçi alim, dosent Zaur Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, son 150 ildə böyük dövlətlər kütləvi insan itkilərinin elmin inkişafına mənfi təsir göstərdiyini anlayaraq bunun qarşısını almağın yollarını düşünməyə başladı:



"Kütləvi insan itkisi təkcə işçi qüvvəsinin azalmasına deyil, həm də zehni qüvvənin azalmasına gətirib çıxarır. Məsələn, Amerika Universitetlərində təhsil almağa gələnlərin, elmlə maraqlananların sayı azalmağa başladı. Bunun nəticəsi olaraq “beyin oğurluğu” deyilən anlayış yarandı. Dünyanın müxtəlif  ölkələrində elmi sahədə uğur əldə etmiş insanları yaxşı əməkhaqqı, yaxşı həyat şəraiti təklif etməklə öz ölkələrinə dəvət etməyə başladılar. Məsələn, Tesla. Düzdür, onun bəxti gətirmədi... Yaxud,  Eynştyn. Eynşteyn avropalı idi, amma Amerika onu Avropadan oğurlayıb apardı". 

Z.Əliyev söyləyib ki, ümumiyyətlə, dünyanın güclü dövlətləri inkişafı elmin inkişafında görür:

"Riyaziyyat, fizika, kimya, nano-texnologiyalar, bunlar, əlbəttə, lazımdır, amma eyni zamanda humanitar, ictimai elmlərə də böyük üstünlük verilməlidir. Bəzən deyirlər, tarix, fəlsəfə nə elmdir, kimə lazımdır?! Belə deyil. Texnologiyanı inkişaf etdirmək asandır. Bu elə bir elm sahəsidir ki zaman-zaman özünü inkişaf etdirir, getdikcə təkmilləşir. Amma dünyanın idarəçiliyində, yeni ideologiyaların meydana çıxması, siyasi proseslərə nəzarət edilməsində, sosial, etnik zəmində münaqişələrin yaradılmasında ictimai elmlərdən istifadə olunur. Faşizm ideologiyası riyaziyyatdan yaranmayıb. Dünyadakı aparıcı ideoloji cərəyanların heç birini fizika-riyaziyyat yaratmayıb. Qədim Romada belə bir məsəl vardı, deyirdilər ki, əgər sən köləsənsə, riyaziyyatla məşğul ol. Azad insansansa fəlsəfəylə. Azərbaycanda tarix elmi, sosiologiya elminin  inkişafı üçün şərait yoxdur. Tarix bir millətin bünövrəsidir, köküdür. Əgər bir tarixçi xaricə gedirsə, Azərbaycan elmi, tarixi geri qalır. Yeni fikir yaranmır. Bizim yeni dövr tariximiz yoxdur. Qalmışıq köhnə sovet tarixindən asılı vəziyyətdə. Özümüzün milli tarix konsepsiyasını yaratmaq üçün şərait yoxdur. Ermənistanda isə bu, var. Bizdə 18-19 tarix dərsliyi var. Hər tarixçi də öz bildiyini diktə etməyə çalışır. Tarix üzrə ümumi – yeganə milli konsepsiyamız yoxdur.  Bu şəraitdə milli ideologiya qurmaq mümkün deyil.  

Dövlətin ideolojisini texnologiya deyil, humanitar elmlər müəyyənləşdirməlidir. Məsələn, jurnalistika elmi olmasa, kim yazacaq bu prosesləri? Gənclərimizin çoxu ona görə xaricdə təhsil almağa can atır ki, orada onlara tədqiqat üçün şərait yaradılır". 

Tarixçi alimin fikrincə, Azərbaycan diasporunun bugünkü problemi alimləri ölkəyə cəlb edə bilməməkdir: 

"Düşünən beyinlərin çoxu xaricdə yaşayır.  Gənclərimiz xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alır, universitetlər onları buraxmaq istəmir. Çünki istedadlarını görür, onları əldən buraxmaq istəmir və onlara işləmək və yaşayış üçün hər cür şərait yaradılır. 

Xaricdə yaşayan Azərbaycan alimlərinin Forumunu izlədim. Və gördüm ki, biz boşluqda qalmışıq. Xaricdə bir alimin kitabının, məqaləsinin nəşr olunması həmin ölkənin milli keyfiyyətini qaldırır. Amma bizim xaricdə yaşayan alimlərimiz  Azərbaycana heç nə vermir. Xaricdə yaşayan alimlərlə bağlı konsepsiyada bir sıra vacib məsələlər əksini tapmalıdır. Əsas məsələ onları ölkəyə dəvət etmək deyil, əsas məsələ onlarda ölkənin elminə maraq oyatmaqdır".

Z.Əliyev problemlərdən birinin Azərbaycan alimlərinin əsərlərinin elektron formada tam təqdim olunmaması olduğunu düşünür:

"Akademiyanın saytında kitabları, məqalələri götürə bilirsən. Amma məsələn, Elm və Təhsil Nazirliyinin saytında belə bir şeyə rast gələ bilməzsiniz. 2-ci əsas problem, əgər biz alim dəvət ediriksə, vacib deyil yüksək əməkhaqqı təklif edilsin,  əsas sosial təminat məsələsidir. Bununla bağlı isə konsepsiyada heç bir maddə yoxdur. Alimlərə güzəştli kredit imkanı verilə bilər, güzəştli nəqliyyat, kitab almaq, kitabxanalardan istifadə imkanı. ABŞ-də alimlərə 40 faiz endirim kartı verilir, səyahət, geyim almaq, kommunal xərcləri ödəmək üçün.  

Mən alim kimi 600 manat əməkhaqqı alıram, amma almaq istədiyim kitabın qiyməti 40 manatdır. Azərbaycanda xaricdən  nə qədər kitab alınır, amma heç biri tədqiqat üçün, Azərbaycan elminin inkişafı  üçün yararlı deyil".

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Demokrat.az-a açıqlamasında bu gün dünyada Azərbaycanın tanıdılması, dilinin və mədəniyyətinin təbliği istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib:



“Misirin, eləcə də dünyanın nüfuzlu ali təhsil ocaqlarından olan Qahirə Universiteti və Əzhər Universitetində Azərbaycan dili tədris olunur. Qahirə Universitetinin 4-cü kursunda tədris olunan Azərbaycan dili dərslərində 100 dən çox tələbə iştirak edir. Misir-Azərbaycan Dostluq Cəmiyyətində də Azərbaycan dili kursları təşkil etmişik. Misirli, eləcə də digər ərəb ölkələrindən olan gənclər arasında dilimizə maraq artır. Həmçinin gənclərə tədris zamanı ölkəmizin zəngin mədəniyyəti, xalqımızın adət-ənənələri, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı və Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumat verilir. Ümumiyyətlə Misirdə, xüsusilə paytaxt Qahirə şəhərində Azərbaycanın tanıdılması üçün səfirlik və diaspor tərəfindən tez-tez tədbirlər təşkil olunur.  Ölkəmizin ərəb dünyasında geniş tanıdılması istiqamətində ərəb ölkələrində görülən işlər Misir, Səudiyyə Ərəbistanı, Əlcəzair, Suriya, İordaniya mətbuatında geniş işıqlandırılır.

S.Nəsirov vurğulayıb ki, Azərbaycan müxtəlif mədəniyyətlərə ev sahiliyi edən ölkə kimi bu gün tolerant mühiti ilə seçilir:

'“Azərbaycan tarix boyu müxtəlif millətlərin əmin-amanlıq şəraitində yaşadığı, tolerantlığın, qarşılıqlı anlaşma və dialoqun mövcud olduğu ölkə olub. Ölkəmizdə multikulturalizm, dinlər və millətlərarası münasibətlər hər zaman yüksək səviyyədə olub. Belə müsbət keyfiyyətlərlə səciyyələndirilən ölkənin dünyada tanıdılmasında sözsüz ki, alimlərimizin, siyasi və mədəniyyət xadimlərimizin böyük rolu var. Uzunmüddətli araşdırmalarım nəticəsində ərsəyə gələn "Ərəb mənbələrində azərbaycanlıların həyat və yaradıcılıqları" və “Ərəb elminin inkişafında azərbaycanlı alimlərin səyləri"  adlı kitablarda azərbaycanlı alimlər haqqında dolğun məlumatlar əksini tapır. Bu kitablardan bəhrələnən insanlar Azərbaycanda tarixən formalaşmış ədəbi, mədəni, elmi mühit haqqında bir çox dəyərli məlumatlarla tanış olurlar”.

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində hazırlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 15:59
Top