“Belə olan təqdirdə Ermənistan Azərbaycandan təbii qaz ala bilər” — AÇIQLAMA

GÜNDƏM 18 sentyabr 2024, 13:59
Ermənistanın Baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib ki, tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkə Azərbaycandan qaz almağa hazırdır. Paşinyan Ermənistan ərazisi ilə Azərbaycandan Naxçıvana və ya Türkiyəyə qaz kəmərinin keçməsi variantını da istisna etməyib. 

Paşinyanın açıqlamasını Demokrat.az-a şərh edən siyasi şərhçi Tural İsmayılovun fikrincə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, həmçinin iki ölkə arasında sülh müqaviləsinin imzalanması dövlətlərarası münasibətlərdə yenilikləri tələb edir:

“Ermənistan fərqindədir ki, Azərbaycanla münasibətlərini normallaşdırsa, qonşusu ilə iqtisadi-ticari əlaqələr də formalaşacaq. Belə olan təqdirdə Azərbaycandan təbii qaz da ala biləcək. Amma bunun üçün Ermənistan ilk öncə Azərbaycanın ərazilərinə olan iddialarından əl çəkməlidir. Konstitusiyasında bunu nəzərdə tutan maddələri dəyişdirməli, ATƏT-in Minsk Qrupunun ləğv edilməsi üçün müraciət etməlidir. Bu addımları atmaq üçün Ermənistanda siyasi iradə olmalıdır. Digər tərəfdən Paşinyan yaxşı bilir ki, Ermənistan bu gün Azərbaycandan asılı vəziyyətdədir, Azərbaycanın dəstəyinə ehtiyac duyur. Təbii ki, dövlətlərarası münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması ilk növbədə Ermənistanın özünə dividentlər gətirəcək. 

Amma Paşinyanın Azərbaycandan qaz almaqla bağlı verdiyi açıqlamada Azərbaycana qarşı hansısa şərtlər irəli sürməsi ikiüzlülük və qeyri-səmimilikdir. Hesab edirəm ki, Azərbaycana Ermənistan ərazisindən qaz kəmərlərinin keçməsi üçün şərt qoymaq doğru deyil. Paşinyanın səsləndirdiyi bu fikirlər sülhlə bağlı səmimi olmadığını göstərir. Paşinyan bununla hadisələrin gələcək inkişafını qabaqlamağa çalışır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top