İkt

Yeni süni intellekt modeli: Saatlarla davam edən kodlaşdırma işlərini təkbaşına görəcək

Yeni süni intellekt modeli: Saatlarla davam edən kodlaşdırma işlərini təkbaşına görəcək

Süni intellekt şirkəti "xAI" uzunmüddətli kodlaşdırma və peşəkar tapşırıqlar üçün hazırladığı yeni modeli – Grok 4.7-ni istifadəyə verib.

Demokrat.az xəbər verir ki, şirkətin açıqlamasına görə, yeni model əvvəlki Grok 4.6 versiyası ilə müqayisədə daha böyük baza modelindən istifadə edir və saatlarla davam edə bilən mürəkkəb tapşırıqları müstəqil şəkildə davam etdirmək üçün təkmilləşdirilib.

Grok 4.7 xüsusilə kodlaşdırma, sənədlərin hazırlanması, təqdimatlar və çoxmərhələli peşəkar işlər üçün nəzərdə tutulub. Model uzun kontekstlər üzərində işləməklə yanaşı, gördüyü işi yoxlamaq üçün yeni üsullardan da istifadə edir.

"xAI"ın açıqladığı test nəticələrinə əsasən, Grok 4.7 bir sıra göstəricilərdə əvvəlki versiyanı geridə qoyub. Məsələn, CursorBench 4.0 testində yeni model 46,3 faiz nəticə göstərib. Grok 4.6 isə 40,4 faiz nəticə əldə edib. EEBench-də də göstərici 53 faizdən 64 faizə yüksəlib.

Modelin əsas yeniliklərindən biri 500 min tokenlik kontekst pəncərəsidir. Grok 4.7 mətn və görüntüləri giriş kimi qəbul edir, cavabları isə mətn formatında təqdim edir. İstifadəçilər modelin düşünmə səviyyəsini aşağı, orta, yüksək və "xhigh" seçimləri arasında dəyişə bilirlər. İlkin parametr yüksək səviyyə olaraq müəyyən edilib.

"xAI" Grok 4.7 üçün 1 milyon giriş tokeninə 2 dollar, 1 milyon çıxış tokeninə isə 6 dollar qiymət müəyyənləşdirib. Keşdən istifadə olunan giriş tokenlərinin 1 milyonu isə 0,50 dollara başa gəlir.

Bu tariflər 200 min tokendən az olan sorğular üçün keçərlidir. Daha uzun kontekstli, yəni 200 min tokendən çox sorğularda girişin qiyməti 4 dollara, çıxışın qiyməti isə 12 dollara yüksəlir.

Şirkət həmçinin daha sürətli işləyən Grok 4.7 Fast versiyasını təqdim edib. Bu model standart versiyadan iki dəfə baha qiymətləndirilir. Hazırda Fast versiyası yalnız Cursor və Grok Build platformalarında istifadə olunur və "xAI"ın ümumi API xidmətində təqdim edilmir.

Standart Grok 4.7-yə isə xAI API, Cursor, Grok Build və bəzi üçüncü tərəf platformalar vasitəsilə çıxış əldə etmək mümkündür.

Jalə

A
Admin