Sosioloq: “Cəmiyyətimizdə sosiallaşma tamamilə aradan qalxıb, yerini virtual tutub”

SOSİAL 11 sentyabr 2024, 18:58
Xəbər verdiyimiz kimi, ötən gün Xaçmaz rayonunun Xudat qəsəbəsində azyaşlının anası tərəfindən dəmir parçası ilə döyülərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayılıb. Bu tip hadisələr ilk deyil, əksinə getdikcə daha da artır. Bəs buna səbəb nədir? 

Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı bildirib ki, azyaşlı uşağını dəmir parçası ilə döyən ananın psixoloji durumu yerində deyil:

“Əslində bizə elə gəlir ki, yolda gördüyümüz, salam verdiyimiz iş yoldaşımız, qonşumuz, qohumumuz, yəni, istənilən tanıdğımız şəxs sağlamdır. Çünki biz onun fiziki göstəricilərinə əsasən qiymət veririk. Amma bizi psixoloji insan kimi formalaşdıran fiziki göstəricimiz deyil, psixoloji-ruhi vəziyyətimizdir. Ona görə də insanlara baxarkən, əli-ayağı sağlam olan insanın hər hansı cinayət törədə, övladını döyə, zorakılıq göstərə biləcəyi ehtimalları hər zaman olur. Elə bu ananın azyaşlı uşağını dəmir parçası ilə döyməsi, bundan öncə övladını dərsə görə döyən ana, övladını öldürən, zərər verən bütün bu kimi insanların hamısı psixoloji cəhətdən sağlam deyillər. Yəni, ağlı başında olan, normal, ruhi, psixoloji gərginliyi olmayan insan övladına vəhşicəsinə əl qaldırmaz, döyməz. Nəinki insanı, bir pişiyi, iti, quşu belə incitməyə qıymaz. Çünki onun ağrılarını özü hiss edər. Heç bir sağlam düşüncəli qadın övladına bu cür xəsarət yetirməz. Bu cür hadisələrin başlıca səbəbi sosiallaşmanın azlığıdır. 

Xüsusilə də evdar xanımlar, sosiallaşmanın demək olar ki, minimumunu belə yaşamır. Ömürboyu evdə ailə qayğıları, içində problemlərlə boğuşan insanlar sağlam ola bilməz. İndi əvvəlki dövr deyil. İndi heç kim sosiallaşmağa əvvəlki kimi meyl etmir. Hətta, qonşu ilə belə münasibət qurmaq istəmirlər. Yaxınlıqda yaşayan qohuma görüntülü zəng edirik. Yəni, cəmiyyətimizdə sosiallaşma tamamilə aradan qalxıb, yerini virtual sosiallaşma tutaraq, dövrün bəlasına çevrilib. Bunun nəticəsi də kiminsə ölməsinə, öldürülməsinə, zorakılıqlara gətirib çıxarır. Bir növ, insanlıq tənəzzülə uğrayıb”.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top