“Bəzən xərclərin təyinatı rəhbərlərin verdiyi qərarlarla bağlıdır” — Universitetlərin xərclərinin artım səbəbləri

SOSİAL 11 sentyabr 2024, 15:55
Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə kadr hazırlığı üzrə müvafiq təhsil səviyyələrində hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin miqdarında artımı nəzərdə tutan Qərarına dəyişiklik edilib. Dəyişikliyə əsasən ali məktəblərdə illik təhsil xərclərinin miqdarı artırılıb.  

Nazirlər Kabinetinin müvafiq dəyişikliyin səbəblərini açıqlayan məlumatında bildirilir ki, 5 ildir bakalavr, magistr və doktorantura təhsil pillələri üzrə təhsil alanların illik təhsil xərclərinin miqdarı artırılmayıb. Qərara əsasən ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.

Dəyişikliyin səbəblərindən danışan təhsil eksperti Elnur Aydın Demokrat.az-a açıqlamasında deyib ki, ali məktəblərin illik təhsil xərcləri ilbəil artır:



“Bunun obyektiv səbəbləri var. İnflyasiya, iqtisadi şərait, yeni texnologiyaların alınması zərurəti, dövlət sifarişi, müəllimlərin maaşlarının artması, universitetlərin infrastrukturunun təkmilləşdirilməsi və bu kimi digər faktorlar təhsil xərclərinin artmasına səbəb olur”.

Ekspert hesab edir ki, xərclərin artması həmisə təhsilin keyfiyyətinin artmasına səbəb olmur:

“Xərclərin təyinatı birbaşa və dolayısı ilə təhsilin keyfiyyətinin artırılmasına yönəlməlidir.  Təəssüf ki, bəzən xərclərin təyinatı subyektiv yanaşmalara, rəhbərlərin verdiyi qərarlara bağlıdır.  Xərclər müəyyən edilən zaman ehtiyaclar yaxşı araşdırmalıdır. Müəssisənin SWOT analizi aparılmalıdır. Bu işlər düzgün aparılarsa,  xərclərin artımı ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəlməsinə təkan verər”. 


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 yanvar 2025, 23:37
Top