Göygöldə 38 yaşlı kişi həmkəndlisini öldürdü, həbsxanada isə... —TƏFƏRRÜAT

KRİMİNAL 03 sentyabr 2024, 12:58
Göygöl rayonunda 1986-cı il təvəllüdlü Hüseyn Əsgərov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 1993-cü il təvəllüdlü Ayxan Hüseynlini öldürüb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2021-ci ilin sentyabrın 1-də Göygöl rayonu Çaylı kəndi ərazisində baş verib. Hüseyn kənddə yerləşən çayxanada olarkən mərhum Ayxanın atası Müzakir Hüseynlinin həmkəndliləri ilə domino oynadığı vaxt ünvansız nalayiq sözlər işlətdiyi üçün ona söyüş söyməsinə görə irad tutması səbəbindən aralarında mübahisə baş verib. 

Mübahisədən sonra Müzakir Hüseynlinin çayxanada ona qarşı etdiyi hərəkətlərə görə ondan üzr istəməsi üçün sonuncu ilə görüşməyə cəhd edib. Hüseyn həmin gün saat 17 radələrində M.Hüseynlinin yaşadığı evin yaxınlığında onunla görüşüb və ona qarşı etdiyi hərəkətlərə görə üzr istəməsini tələb etsə də, M.Hüseynli ondan üzr istəməyəciyini bildirib. Həmin gün M.Hüseynlinin oğlu mərhum Ayxan Hüseynli valideynlərinin evinə gəlib və atası ilə Hüseynin mübahisəsindən xəbər tutuub. 

Ayxan saat 18 radələrində idarə etdiyi “Mercedes” markalı avtomobili ilə hərəkət edərkən kəndin mərkəzindəki mağazanın yanında Hüseynin dayandığını görüb və avtomobili saxlayıb. Həmin vaxt Ayxan Hüseynə söhbət etmək istədiyini deyərək avtomobildə olan sərnişindən  avtomobildən düşməsini bildirdiyinə görə o, da avtomobildən yerə düşüb. 

Daha sonra Hüseyn Ayxanın avtomobilinə əyləşib. Ayxan avtomobili sürətlə idarə edərək kənddən 700 metr Gəncə şəhəri istiqamətindəki kənd sakinlərinin pay torpaqları olan yerə gedib. Bu zaman Ayxan atası ilə bir gün əvvəl olan mübahisələri barədə söhbət edərkən ona atasının düzgün hərəkətlər etməməsini bildirdikdən sonra atasının heç bir səhv hərəkət etmədiyini bildirib və pay torpaqlarının olduğu yerin yanında avtomobili saxlayıb. 

Bundan sonra birlikdə avtomobildən düşərək yenidən qeyd olunan mövzuda söhbəti davam edərkən aralarında həmin məsləyə görə mübahisə yaranıb. Qarşılıqlı olaraq dalaşdıqları zaman Ayxan əli ilə və özündə olan ov bıçağı ilə Hüseyini vurub. 

Daha sonra həmin bıcağı onun əlindən alaraq, Ayxanı qəsdən öldürmək qərarına gəlib. O, həmin bıçaqla, həmçinin yumruqla Ayxanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Ayxan aldığı zərbələrdən ölüb. 

Hadisəni törədən Hüseynin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hüseyn ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, valideynləri ilə birlikdə Göygöl rayonu Çaylı kəndində yaşamışdır, 2007-ci ildə anası, 2009-cu ildə atası vəfat edib: “Çaylı kəndində anamın anası - nənəm Səriyyə ilə qalmışam. Son illər qeydiyyatda olduğu Gəncə şəhərindəki evdə yaşamışam. Hərdən bir nənəm Səriyyəyə baş çəkmək üçün Çaylı kəndinə gəlib-getmişəm. 2007-ci ildə Gəncə Dövlət Universitetinin alman dili fakultəsini bitirmişəm. 2008-2009-cu illərdə Rusiya Federasiyasının Sankt-Peterburq və Soçi şəhərlərində yaşamışam. Orada fərdi işlərlə məşğul olmuşam. 2009-cu ildə Azərbaycana qayıdıb alman dilinin tədrisi ilə məşğul olmuşam. 2012-ci ildə yenidən Rusiya Federasiyasına qayıtmışam və 2014-cü ilədək orada fərdi olaraq tikinti işləri ilə məşğul olmuşam. 2014-cü ilin əvvəllərində Rusiyada törətdiyim cinayət əməlinə görə 2 il azadlıqdan məhrum edilmə cəzası təyin edildiyindən cəzaçəkmə müəissəsində olmuşam. Cəzamı çəkib qurtardıqdan sonra 2-3 ildə Rusiyada yaşamışam. 2017-ci ildə Azərbaycana qayıtmışam, müxtəlif təşkilatlarda alman, incilis, rus dillərində təcüməçi işləmişəm”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci ildə Çaylı kəndində olduğu vaxt kənddə yerləşən çayxanaya gedib və orada masalardan birində kənd sakinləri ilə birlikdə əyləşdiyi vaxt qonşu masada həmkəndliləri ilə domino oynayan Müzakirin nalayiq söyüşlər söydüyünü eşidib: “Müzakirə söyüş söyməsinə görə irad tutdum. Müzakir mənim də ünvanıma nalayiq söyüşlər söydü və cibindən bıçaq çıxararaq “səni deşik-deşik edərəm” dedi. Sonra mənə tərəf gəldi, bıçağı fırladaraq məni vurmaq istədi. Mən masalardan birini götürərək qabağıma tutdum. Orada olanlar Müzakiri saxlayaraq məni vurmasına imkan vermədilər, Müzakiri sakitlədirdilər. Müzakir və cayxanada olanlar da oradan getdikdən sonra nənəm evinə getdim. 2 gün çayxanaya getmədim”. 

Hüseyn bildirib ki, sonrakı günlərdə nənəsi evində olan televizorun antenasını təmir etdirmək məqsədi ilə Məhərrəm adlı usta ilə görüşmək üçün onun evinə gedib: “Bu vaxt İntiqam adlı şəxsin köşkündən kontur aldım, telefonuna yüklədikdən sonra Müzakirin evinin yanından keçdim. Bu zaman Müzakiri görərək ona yaxınlaşdım. Müzakirə sərxoş olduğu vaxt aramızda baş vermiş mübahisəyə görə ona irad bildirdim və məndən üzr istəməsini dedim. Müzakir isə həmin vaxt sərxoş olmadığını və məndən üzr istəmək fikrində olmadığını dedi. Müzakirlə təxminən 15 dəqiqə söhbət etdiyim vaxt bizim söhbətimizi onun arvadı və anası da eşidib. Müzakirin məndən üzr istəmədiyini gördüm, onunla salamı kəsdiyimi deyərək oradan uzaqlaşdım. Məhərrəmi görmək üçün onun evinin yanındakı mağazanın qabağına gəldim. Ancaq Məhərrəmin orada olmadığını gördüm və nənəmin evinə gedərək nahar etdim. Sonra Məhərrəmin evinə tərəf gedərkən Müzakirin evinin yanından keçəndə onun oğlu Ayxanın idarə etdiyi “Mercedes” markalı avtomobilin evlərinin yanında dayandığını, Rəşad aldı həmkəndlisinin avtomobilin yanında dayandığını gördüm. Rəşadla salamlaşdmş, Ayxanın avtomobildən düşdüyünü gördüm. Ayxanla da salamlaşdığım vaxt mənə dayanmağımı, mənimlə işi olduğunu dedi. Mən isə Ayxana mağazanın yanına getdiyimi deyərək dayanmadan getdim. Mağazanın yanına gələrək orada Məhərrəmin qaz borusunun üstündə oturduğunu gördüm və Məhərrəmə yaxınlaşaraq onunla təxminən 10-15 dəqiqə söhbət etdim”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, bu zaman Ayxan idarə etdiyi “Mercedes” markalı avtomobili mağazanın qabağında saxlayıb: “Avtomobilin qabaq oturacağında əyləşmiş Rəşad məni çağıraraq söhbət etmək üçün çayxanaya getməyimizi dedi. Mən isə orada söhbət etməyi istədim. Ayxan isə avtomobildən düşmədən mənə söhbət etmək üçün çayxanaya getməyi təklif etdi. Mən isə çayxanaya getmək istəmədiyimi dedim. Bu zaman Ayxan Rəşada “onda Rəşad sən 5-10 dəqiqə icazə ver, elə buradaca söhbət edək” dedi. Rəşad düşdükdən sonra qabaq oturacağa əyləşdim. Avtomobilə əyləşən kimi Ayxan avtomobili idarə etməyə başladı və mənə atasından narazılıq edənin var-yoxuna nalayiq söyüş söydü. Mən Ayxanın bu sözündən sonra avtomobili saxlamasını deməyimə baxmayaraq, Ayxan avtomobili idarə edərək kənd sakinlərinin pay torpaqlarının olduğu yerin yanında, qaz borusu keçən yerdə avtomobili saxladı. Avtomobildən düşdü, məndən də avtomobildən düşməyimi dedi. avtomobildən düşdükdən sonra Ayxan cibindən bıçaq çıxararaq qarın nahiyyəmdən vurmaq istədiyi vaxt geri çəkilən zaman ayağım büdrədi, yerə yıxıldım. Ayxan məni həmin vəziyyətdə vurmaq istədiyi vaxt sağ ayağımı qabağa verdim, Ayxanın əlindəki bıçaq sağ ayağıma dəyərək zədələdi. Sonra bıçaqla mənim sinəmdən vurmaq istədi. Mən Ayxanın qolundan tutdum və bıçağı Ayxanın əlindən almaq istədim. Bıçaq Ayxanın biləyini kəsdi, sonra isə Ayxanı çevirərək üstünə çıxdım, bıçağın dəstəyinin onun əlində olduğunu hiss etdim. Həmin vəziyyətdə bıçağı ona tərəf itələdiyi vaxt bıçağ Ayxanın sinəsinə girdiyini hiss etdim”. 

Hüseyn qeyd edib ki, daha sonra Ayxanın əl-qolu boşalıb, qollarının qırıldığını hiss edib: “Ayxanı sürüyə sürüyə avtomobilə tərəf apardım. Həmin vaxt həmkəndlimiz Bəhman avtomaşını ilə ora gəldi. Qışqıraqışqıra nə səbəbə Ayxanı bu günə saldığımı soruşdu. Mən isə Ayxanı xəstəxanaya aparmaq istədiyimi dedim. Ayxanı avtomobilin arxa oturacağına uzatdım və Bəhmandan avtomobili idarə etməsini dedim. Bəhman xarici markalı avtomobilləri idarə edə bilmədiyini dediyi üçün Ayxanın bıçağını götürdüm və avtomobilin sükanı arxasına əyləşdim. Avtomobili saatda 100-120 kilometr sürətlə idarə etməyə başladım. Cevrilib arxaya baxdığım vaxt sükana nəzarəti itirdiyimdən avtomobil yolun sol tərəfinə dərəyə düşərək aşdı. Bir neçə dəqiqə sonra ora gələnlər məni və Ayxanı avtomobildən çıxardılar.

Mən bıçağın yerə düşdüyünü gördüm və bıçağı götürdüm. “VAZ” markalı avtomobil ilə xəstəxanaya gədim və çatdıqdan sonra həkim gələrək Ayxana baxdıqda artıq onun öldüyünü dedi. Mən xəstəxanaya gəldiyi avtomobilin sürücüsünə məni polis idarəsinə aparmasını dedim.  Gəncə şəhər Baş Polis İdarəsinə gedərək polisə təslim oldum”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Hüseynə Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə bəraət verilib. Onun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. Ona 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Hökmdə qeyd olunub ki, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən təqsirləndirilən şəxsə qarşı verilən mülki iddia təmin olunub. 7 min manat və 90 manat dövlət rüsumu təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməsi qərara alınıb. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxsun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. O, müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə ona cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. 

Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Eyni tələblə zərərçəkmiş tərəfdə şikayət edib. 

Tərəflərin şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Apellyasiya instansiyasında işə baxılarkən çıxış edən dövlət ittihamçısı Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 may 2023-cü il tarixli hökmünün ləğv edilməsi, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinib və ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməsi ilə bağlı verilmiş apellyasiya protestinə dəyişikliyin nəzərə alınması, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinməsi və öldüyündən ona cəza təyin edilməməsini xahiş edib.

Apellyasiya protestinə dəyişiklikdə qeyd edilib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəsissəsinin məktubuna əsasən təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar vəfat edib. 

Məhkəmə şikayətləri araşdırdandan sonra təqsirləndirilən şəxsin müdafiəçisini, zərərçəkmiş şəxsin hüquqi varislərinin şikayətlərini, dövlət ittihamçısının cəzanın ağırlaşdırılması ilə bağlı hissədə verdiyi protesti təmin edilməyib. 

Dövlət ittihamçısının proresti əsasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin apellyasiya icraatı dövründə ölməsi ilə əlaqədar Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 may 2023-cü il tarixli hökmündən ona cəza təyin edilməsi və mülki iddianın təmin edilməsinə dair müddəalar xaric edilib, mülki iddia üzrə icraata xitam verilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top