Lənkəranda 35 yaşlı kişi arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 13 sentyabr 2024, 17:20
Lənkəran şəhərində 1989-cu il təvəllüdlü Kərim ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Leylaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyulun 7-də, gecə saat 1 radələrində Lənkəran şəhəri Ş.Zahid küçəsində baş verib. 

Kərim yaşadıqları evinin yataq otağında arvadı Leyla ilə ailə-məişət münasibətlər zəminində, yəni sonuncunun mobil telefonunu ona verməyib, ünvanına nalayiq ifadə işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onun baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən şüşə butulka ilə bir neçə zərbə vurub. 

Hadisəni törədən Kərimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kərim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi cinayət əməlini səmimi etiraf edib və özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olub. 

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir:
 
“Zərərçəkmiş Leyla mənim həyat yoldaşımdır. Mən Leyla ilə 2012-ci ildə ailə həyatı qurmuşam və bizim həmin nikahdan 4 övladımız dünyaya gəlib. Leyla ilə münasibətlərimiz yaxşı olub. Lakin son zamanlar aramızda narazılıqlar yaranıb. Aramızda olan narazılığın əsas səbəbi Leylanın məni həddindən artıq dərəcədə qısqanmasıdır. Leyla mənim başqa qadınlarla sevgi münasibətlərim olduğunu fikirləşir və buna görə də aramızda soyuq münasibət var”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, gecə saat 1 radələrində yaşadığı evdə olan zaman onun telefonunun enerjisi bitdiyi üçün dostuna zəng etmək üçün həyat yoldaşı Leylanın mobil telefonunu istəyib: “Leyla isə mobil telefonunu mənə verməyərək, mənim həmin telefonla qadınlarla danışacağımı bildirdi. Daha sonra mənimlə münaqişə etməyə başladı. Münaqişə zamanı Leyla ünvanıma nalayiq ifadə işlətdi. Mən də əsəbləşərək stolun üzərində olan şüşə butulkanı götürdüm və həmin şüşə butulka ilə onun başına və bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurdum. Şüşə butulka sındıqda  həmin şüşə butulkanın  əlimdə qalan hissəsi ilə onun bədəninin müxtəlif nahiyələrinə daha bir neçə zərbə vurdum. Daha sonra əsəbi halda yaşadığım evi tərk edərək getdim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Leylanın sözlərinə görə, Kərim ilə ailə həyatı qurduqdan sonra onların arasında münasibətlər yaxşı olub: “Lakin son zamanlar Kərimlə ailə münasibətlərimiz yaxşı deyil. Buna əsas səbəb Kərimin başqa qadınlarla sevgi münasibətləri qurmasıdır. Hadisə günü, gecə saat 1 radələrində yaşadığım evdə olan zaman Kərim dostuna zəng etmək üçün məndən telefonumu istədi. Mən isə ona mənim telefonum ilə başqa qadınlarla danışacağını bildirdim. Kərim isə mənə yaxşı elədiyini bildirdi. Buna görə də aramızda münaqişə yarandı. Münaqişə zamanı əsəbləşərək onun ünvanına nalayiq ifadə işlətdiyim üçün stolun üzərində olan şüşə butulkanı götürdü və həmin şüşə butulka ilə başıma, bədənimin müxtəlif nahiyələrinə zərbələr vurdu. Şüşə butulkası sındıqda Kərim həmin şüşə butulkasının əlində qalan hissəsi ilə bədənimin müxtəlif nahiyələrinə daha bir neçə zərbə vurdu. Kərim daha sonra yaşadığımız evdən getdi. Mən də buna görə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət etdim”.

Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Kərimin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 22:30
Top