COP29-la bağlı saxta məlumatlar yayılır — Ekspert məsələyə aydınlıq gətirdi

SOSİAL 26 avqust 2024, 17:05
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti COP29-la bağlı məlumat yayıb. Məlumatda qeyd olunub ki, COP29-la bağlı kiberdələduzlar tərəfindən yaradılan saxta səhifələrin sayı artıb. Bildirilib ki, kiberdələduzlar qeydiyyat, eləcə də tədbir çərçivəsində müxtəlif iş yerlərinin açılması ehtimalından sui istifadə edərək müxtəlif biznes və məşğulluq yönümlü platformalarda “COP29”-la bağlı açılan iş yerləri barədə sosial şəbəkələrdə saxta məlumatlar yerləşdirməkdədirlər: “Bu günə qədər “COP29”-un təhlükəsizlik idarəetmə mərkəzi ilə birgə 15 saxta informasiya resursu aşkarlanmış və ölkə üzrə bloklanması təmin edilmişdir”. Xidmət vətəndaşları yalnız rəsmi mənbələr tərəfindən verilən məlumatlara inanmağa çağırır, müxtəlif sosial şəbəkələrdə yayılan saxta və yalan məlumat əsaslı kampaniyalara qarşı diqqətli olmağa səsləyir.

Dezinformasiyanın, saxta elan və xəbərlərin kütləvi şəkildə yayıldığı bir dövrdə yalanı həqiqətdən ayırmaq müşkül məsələyə çevrilib. İnternet resurslarının çox olduğunu nəzərə alsaq, insanlar rastlaşdıqları hər hansı bir məlumatı dəqiqləşdirməkdə çətinlik çəkə bilərlər. Məsəyələ IT eksperti Vasif Qəhrəmanov Demokrat.az-a açıqlamasında münasibət bildirib:

“Bu tip elanlar və ya iş təklifləri gördükdə bir mənalı olaraq Dövlət Məşğulluq Agentliyinə müraciət etmək lazımdır, çünki bu bir dövlət proqramıdır. Vətəndaşlar yalnız rəsmi mənbələrdə paylaşılan elanlara nəzər yetirməlidirlər. Mənbəyi bilinməyən səhifələrdəki məlumatlar saxtadır. Hanısa şirkətlər və ya fərdi şəxslər bu tip vakansiyalar paylaşa bilməzlər. Əgər doğrudan da belə bir vakansiyalar elan olunursa, bu, rəsmi qurumların səhifələrində öz əksini tapır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 13:27
Top