“İmtahanda hər bir kompüterin daxilində xüsusi kamera yerləşdirilir” Ekspert narazılıqlara aydınlıq gətirdi

SOSİAL 16 avqust 2024, 14:35
Xəbər verdiyimiz kimi, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. Ölkənin 18 müxtəlif şəhər və rayonunda  ümumilikdə 39 imtahan mərkəzində imtahanlar keçirilib. 61 minə yaxın namizədin dəvət olunduğu imtahalarda 50 min 264 nəfər iştirak edib.

Müəllim olmaq istəyən bəzi şəxslər imtahanda kompüterlə bağlı çətinlik çəkirlər, bu onların nəticələrinə də təsir göstərir. Bundan başqa imtahanlar zamanı kompüterlərdə texniki nasazlıqların da baş verdiyi bildirilir. Sertifikasiya imtahanlarında da belə problemlərin yaşandığı iddia olunur.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı təhsil eksperti Elmin Nuri Demokrat.az-a açıqlamasında məsələyə aydınlıq gətirib: 

“Hər il müəllimlərin işə qəbulu imtahanı başlayanda sosial şəbəkələrdə müəyyən narazılıqların şahidi oluruq. Bəli, müəllimlərin işə qəbulu imtahanlarında bir sıra çatışmazlıqlar var. Vakanat yer məsələsi əsas problemlərdən biridir. Test imtahanı mərhələsində sualların çətinlik səviyyəsinə görə nisbət bölgüsü düzgün deyil. Amma texniki problemlər əvvəlki illərlə müqayisədə azalıb. Bəzi müəllimlərin dediyi kimi kompüterlə bağlı problemlər, yaşanan texniki nasazlıq əvvəlki qədər deyil. Bunu kütləvi problem kimi göstərməyin əleyhinəyəm. Test imtahanında hər bir kompüterin daxilində xüsusi kamera yerləşdirilir. Bu kamera ilə proses əvvəldən sonadək izlənir, hansı suallara cavab verildi, harada texniki nasazlıq yarandı və s. təhlil edilir. Rayonlarda da imtahan prosesini izləmək mümkündür. Hansısa problem yarananda appelyasiya komissiyasına kamera görüntüləri əsasında şikayət etmək mümkündür. Yəni texniki problemlər demək olar ki, artıq aradan qalxmaq üzrədir. İstər sertifikasiya, istər MİQ imtahanlarında uğursuz nəticələrin texniki nasazlıqla əlaqələndirilməsinə qarşı çıxmalıyıq”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 sentyabr 2024, 15:03
Top