“Xain vurulmasaydı, məni öldürəcəkdilər” — İlk dəfə o gecədən danışdı

GÜNDƏM 10 iyul 2024, 23:27

Türkiyənin milli müdafiə naziri  Yaşar Gülər 2016-cı ildə baş verən 15 iyul çevriliş cəhdi ilə bağlı ilk dəfə açıqlama verib.

O baş verənlər barədə xatirələrini SABAH nəşri ilə bölüşüb. 

Sözügedən hadisə zamanı Silahlı Qüvvələrin baş qərargah rəisi vəzifəsində olan Güler FETÖ üzvləri tərəfindən tutulmasından danışıb: “Təxminən saat 21:25 radələrində xidməti otağıma maskalı, paltarlarından xüsusi təyinatlı olduqları hiss edilən 10-12 nəfər daxil oldu. Onların “uzan!” əmrinə tabe olmayıb birini yerə yıxdım. Bundan sonra hamısı üstümə gəldi. Boğuşma başladı. Türk əsgərinin düşmənə belə etmədiyi rəftarla qarşılaşdım. İstanbulda, kursda iştirak etməsi lazım olan bir zabit mülki geyimdə içəri girdi. Kinayə ilə “Narahat olmayın, komandirim, təlim keçirik” dedi. O xaini orada görəndə məsələnin nə yerdə olduğunu anladım”.

Nazir deyib ki, gözlərini və əllərini bağlayıb zorla maşına mindiriblər: “Baş Qərargah binasından maşınla çıxara bilməyəcəklərini anlayan xainlər məni başqa maşınla qərargah daxilindəki başqa binaya apardılar. Bir müddət gözlədikdən sonra helikopterlə naməlum yerə apardılar, orada bir otaqda həbs etdilər. Bir müddətdən sonra helikopterlə naməlum bir yerə aparıldım. Daha sonra  F-16-ların havaya qalxma səslərini eşitdim. O an anladım ki, biz çevrilişçilərin qərargahı olan “Akıncı” bazasındayıq. Həmin gecə məni öldürməsi ilə bağlı əmri alan zabit öldürüldü. Əgər o ölməsəydi, məni öldürəcəkdilər. Sonradan öyrəndim ki, onlar mənim bazaya gətirilməyimi çevriliş planında bir mərhələ kimi əvvəlcədən müəyyən ediblər. Gecəboyu əllərim, gözlərim bağlı şəkildə otaqda qaldım. Bütün ömür boyu yaşadıqlarımı gün-gün, saat-saat xatırladım. Səhərə yaxın bomba səslərini eşitdim. Düşündüm ki, xainlər təyyarələri yenidən havaya qaldırmasın deyə bizimkilər “Akıncı” bazasını bombalayıblar”.

İyulun 16-sı səhər otağının qapısının açıldığını deyən Güler sözlərinə belə davam edib: “Tanış bir səs eşitdim. Pilot Akın Öztürk idi. İlk ağlıma gələn o oldu ki, onun burada nə işi var? Ailəmlə telefonla danışmağımı təklif etdi: “Ayağa qalxmadım. Onun qarşı tərəfdən olduğunu anladım. Biz tərəfdən olsaydı, mənim düşdüyüm vəziyyətdə olmalı idi. Əgər telefona tərəf getsəm, oyunun qurbanı olacaqdım. Deyəcəkdilər ki, qaçanda vurduq. Onlar üçün əsl problem mən idim. Çünki bu həqiqətləri bilən yeganə adam mən idim”.

“Yoldaşıma zəng etdilər. Oturduğum yerdən qışqıraraq yaxşı olduğumu dedim. Məni qaçırdıqları gecə yoldaşıma “Yaşar Paşayı vurdular, öldü” deyiblər. Səhərə qədər yoldaşımın məndən xəbəri olmayıb. Çevrilişə cəhd edənlər təslim olduqdan sonra isə bazadan ayrıldım”, - Yaşar Güler xatirəsində bildirib.

Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyənin iki böyük şəhəri İstanbul və Ankarada çevriliş cəhdi olub. Həmin gecə baş verənlər nəticəsində 300-dən çox insan həyatını itirib, 1491 nəfər yaralanıb.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top