Qubada yeznə-qayın arasında dava —TƏFƏRRÜAT

KRİMİNAL 04 iyl 2024, 21:47
Quba rayonunda 1987-ci il təvəllüdlü Aydın bacısının həyat yoldaşı Vüqara (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 22-də Quba rayonu, 2-ci Nügədi kəndində baş verib. Aydın Vüqar ilə aralarında yaranmış mübahisə zamanı qəsdən sifət nahiyəsindən yumruqla vurub. 

Hadisəni törədən Aydının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Vüqar 2021-ci ildə onun bacısı ilə nikah bağlamadan ailə qurub: “Onların bir oğlan uşaqları dünyaya gəldi. Lakin tələb etməyimə baxmayaraq Vüqar mənim bacım ilə rəsmi nikah müqaviləsi bağlamadı. Vüqar müxtəlif bəhanələr gətirərək nikah müqaviləsi bağlamaqdan imtina etdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, martın 22-də bir neçə dəfə zəng edəndən sonra bacısı ona cavab verib: “Bacım mənə Vüqarla mübahisələri olduğunu dedi. Bu səbəbdən də saat 15 radələrində bacımgilin yaşadığı Quba rayonu, 2-ci Nügədi kəndinə getdim. Bacıma oğlunu götürərək mənimlə getməsini dedim. Bacım özünə məxsus əşyaları götürməyə başladı. Mən isə Vüqardan nəyə görə nikah müqaviləsi bağlamadağını soruşdum, aramızda mübahisə yarandı. Həmin vaxt əsəbləşərək Vüqarı söyüb sifət nahiyəsindən bir dəfə yumruqla vurdum. Bundan sonra isə bacım və onun oğlu ilə birlikdə onun evini tərk etdim”.

İş üzrə zərərçəkmiş Vüqarın sözlərinə görə, 2021-cidə Quba rayon sakini Mədinə ilə rəsmi nikah olmadan ər-arvad kimi yaşayıblar: “Himayəmdə 1 övladımız var. Mədinə ilə ailə qurduqdan sonra qaynım Aydın bir neçə dəfə bizim yaşadığımız evə gələrək bacısını öz evlərinə aparmaq istədi. Bu səbəbdən aramızda mübahisə olub”. 

Zərərçəkmiş qeyd edib ki, martın 22-də, saat 15 radələrində qayını Aydın yenidən onların yaşadığı evə gəlib və onun arvadı Mədinəni və körpə uşağını aparmaq istəyib: “Aydına etirazını bildirdim. Bununla əlaqədar Aydınla aramızda yenidən mübahisə yarandı. Aydın məni söyərək sifət nahiyəmdən 2 dəfə yumruqla vurdu. Bundan sonra arvadımı və oğlumu özü ilə apardı”.

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Aydının barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyl 2024, 12:30
Top