6 manata görə burnunu sındırdı — İş məhkəmədə

KRİMİNAL 05 iyl 2024, 13:57
Abşeron rayonunda 2008-ci il təvəllüdlü Faiq şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Pərvizə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Gəncə ocağı” adlı restoranın qarşısında baş verib. 

Faiq tanışı Pərvizin ondan Asim adlı gül satan tanışından aldığı gülə görə borclu qaldığı 6 manat pulu ödəməsini tələb etməsi zəminində onunla mübahisə etməsini bəhanə edib. O, insanların gözü qarşısında əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Pərvizin başını əli ilə aşağı əyib, bir dəfə dizi ilə sifətindən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Faiqin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, orta məktəbin 10-cu sinif şagirdidir: “Pərviz ilə eyni məktəbdə oxumuşam. Həm qonşu kimi tanıyıram, həm də normal münasibətlərim olub. Hadisədən bir neçə gün əvvəl Pərviz və onun özü ilə bir məktəbdə oxuyan tanışım Valehin satıcı kimi işlədiyi gül mağazasından gül buketi aldım. Pulunu tam ödəməyə imkanım olmadığı üçün 13 manat dəyərində olan gülün 7 manat pulunu Asimə ödəməsi üçün Valehə verdim. Borclu qaldığım 6 manat puluda 1-2 günə verəcəyimi dedim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 21 radələrində Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksində yerləşən, kuryer işlədiyi “Gəncə ocağı” adlı restoranın qarşısında olan zaman Pərviz Valehlə həmin yerə gəlib, qalan 6 manat pulu ondan tələb edib: “Mən həmin vaxt maaşı hər günün sonunda aldığımı, borcumu maaş alaraq ödəyəcəyimi bildirdim. Pərviz içəri keçib restoran sahibindən mənim maaşımdan borcuma görə 6 manat verilməsini istədi. Maaşın günün sonu veriləcəyi bildirilməklə 6 manat pulu verməkdən imtina edildi”. 

Faiq bildirib ki, daha sonra Pərviz onu çölə çağırıb: “Bir neçə dəq söhbət etdikdən sonra Pərviz mənimlə mübahisə etməyə başladı. Həmin mübahisə zəminində Pərviz məni əli ilə itələdi. Bundan sonra sözlə aramızda mübahisə olduğu üçün Pərviz ayağından tutaraq məni yıxmaq istədi. Mən Pərvizin baş nahiyəsini aşağı çəkdim və dizim ilə onun sifətinə vurdum. Zərbə nəticəsində Pərvizin burnundan qan axmağa başladı. Bu zaman Valeh və kafedən çıxan şəxslər bizi araladılar. Sonradan dayım və Pərvizin atası hadisə yerinə gəldilər. Pərvizin atası və mənim dayım öz aralarında razılaşdıqları üçün biz bu barədə heç bir yerə şikayət etmədik”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan bir neçə gün sonra Pərvizin Abşeron Rayon Mərkəzi Xəstəxanasına gedərək müayinə olunan zaman burun nahiyəsinin sınmasını eşidib: “Pərvizin burun nahiyəsinin əməliyyat olunmasına lazım olan 600 manat tibb xərclərini ödəyə bilmədiyi üçün atası ilə birlikdə barəmdə şikayət etdilər. Pərvizlə aramızda olan mübahisə bir neçə dəqiqə oldu. Hadisə vaxtı yaxın məsafədə Valehdən başqa heç kəs olmasa da, bir az aralıda tanımadığım şəxslər olub. Həmin hadisəni ətrafda toplaşan şəxslərindən görənlər olsa da, bizi kafedən çıxan tanımadığım şəxslər arladı. Hadisə vaxtı Pərviz mənə heç bir xəsarət yetirməyib”.
İş üzrə zərərçəkmiş Pərvizin sözlərinə görə, orta məktəbin 10-cu sinif şagirdi, barəsində şikayət etdiyi Faiq onunla eyni məktəbdə oxuyib: “Pərvizlə münasibətlərim həmişə normal olub. Əvvəllər aramızda heç bir ədavətimiz olmayıb.

Dostum Valeh mənə Faiqin onun işlədiyi mağazadan nisiyə gül aldığını, 6 manat borclu qaldığını, lakin borcunu ödəmədiyini və mağaza sahibi Asimin pulunu ondan tələb etdiyini dedi. Həm də onu əlavə etdi ki, Faiq gül alarkən mənim adımı da verib. Bir dəfə də mobil telefonuma Asim zəng edərək Faiqin ondan gül almasını və mənim adımı verməsini, Faiq pulu ödəməsə, borcu ödəməyimi tələb etdi. Həmin vaxt Asimə mənim  heç kimə borcum olmadığını dedim”.
Zərərçəkmiş qeyd edib ki, həmin gün saat 21 radələrində Faiqin Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksində yerləşən kuryer işlədiyi “Gəncə ocağı” adlı restoranın qarşısına gedib və orada Faiqlə görüşüb: “Faiqə Asimin mənə zəng etməsini və aldığı gülün ödəmədiyi 6 manat pulunu məndən istədiyini bildirdi. Faiqə Asimin 6 manat borcunu ödəməsini tələb etdim. Faiq maaşı günün sonunda aldığını, o zaman borcunu ödəyəcəyini bildirdi. Mən içəri keçərək “kassa”dan Faiqin borclu olduğu pulu tələb etsəm də, həmin pulu mənə vermədilər. Sonra Faiqlə çölə çıxdım. Bu zaman aramızda sözlə mübahisə yarandı. Mən Faiqi əlim ilə asta itələdim. Sonra isə Faiq məni itələdi və əli ilə başımı əyərək dizi ilə zərbə vurdu. Nəticədə burnum qırıldı. Yaxın ətraflarında olan şəxslər və Valeh bizi aralaşdırdı”. 

Zərərçəkmişin ifadəsinə görə, bir müddət sonra Faiqin dayısı və onun atası da hadisə yerinə gəliblər: “Atam və Faiqin dayısı öz aralarında razılaşdıqları üçün atam və mən bu barədə heç bir yerə şikayət etmədik. Bundan bir neçə gün sonra da Abşeron Rayon Mərkəzi Xəstəxanasına gedərək müayinə olunan zaman burun nahiyəmin sındığı məlum oldu. Faiqin dayısı mənim tibb xərclərimi çəkməyi öhdəsinə götürsə də, sonradan tibb xərclərini çəkməkdən boyun qaçırdığı üçün atam bu barədə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etdi”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Faiqin əməli Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilib. 

Faiq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Faiqin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top