“Arvadımın kiminləsə telefonla danışdığını hiss etdim” — Qısqanc kişidən dəhşətli əməl

KRİMİNAL 03 iyl 2024, 14:30
Abşeron rayonunda 1976-cı il təvəllüdlü Məmməd ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Xumara (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 24-də baş verib. 

Məmməd gecə saat 00:30-da alkoqol sərxoşluğu vəziyyətində həmin ünvanda qeyri rəsmi ər-arvad münasibətində olduğu Xumarın evin hamam otağından gec çıxdığını görüb və onun mobil telefon vasitəsi ilə başqa şəxslə ünsiyyət saxladığını zənn edib. 

Məmməd qısqanaraq həmin səbəbdən aralarında şəxsi münasibətlər zəminində yaranmış narazılıq üstündə mübahisə edib və həmin mübahisə əsnasında Xumarın üzərinə hücum edib, yumruğu ilə onun sifət nahiyəsinə zərbə vurub. 

Onu yerə yıxaraq, ardınca saç, baş nahiyələrindən tutub və döşəməyə vurub, və təpik zərbələri ilə bədənin bel, digər nahiyələrinə ardıcıl zərbələr vurub. 
Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Xumarla 2002-ci ildə ailə həyatı qursa da, onunla rəsmi nigaha daxil olmayıb: 

“Bu evlilikdən 2 övladım dünyaya gəlib. Saat 00:30-da yaşadığım evdə spirtli içki qəbul etdikdən sonra Xumarın sanitar otağından gec çıxdığını gördüm və kiminləsə telefonla danışdığını hiss etdim. Əsəbiləşərək yumruqla sifət nahiyəsinə, təpiklə isə bel nahiyyələrinə vuraraq xəsarət yetirdim. Həmin vaxt mübahisə təxminən 4-5 dəqiqə davam etdi. Mübahisə olarkən yanımızda 1-ci qrup əlil olan 2005-ci il təvəllüdlü qızım olub”.

İş üzrə zərərçəkmiş Xumarın sözlərinə görə, Məmməd ilə 2002-ci ildə ailə həyatı qursa da, rəsmi nigaha daxil olmayıb: 

“Qeyri-rəsmi münasibətlərimızdən 2 övladım dünyaya gəlib. Ailədə tez-tez mübahisələrimiz düşdüyü üçün 2023-cü ildən ayrı yaşayıram. Təxminən 2 ay olar ki, Məmmədlə yenidən barışaraq birlikdə yaşayıram”. 

Zərərçəkmiş deyib ki, hadisə günü, axşam saatlarında Məmməd spirtli içki qəbul edib və Yasamal rayonu, metronun “İnşaatçılar” stansiyasının yaxınlığından götürərək evə gətirib: 

“Saat 00:20-də sanitar qovşağı otağına girdim. Bir neçə dəqiqə sonra Məmməd qapını döyərək bu qədər vaxt orada nə səbəbə olduğunu soruşaraq kiminləsə mobil telefonla danışdığını zənn etdi. Sanitar qovşağından çıxanda yumruqla sifət nahiyəsinə vuraraq yerə yıxdı. Sonra isə başımdan tutaraq yerə vurdu. Daha sonra isə təpiklə bədənimin müxtəlif nahiyələrinə vuraraq bədən xəsarətləri yetirdi. Bu zaman 1-ci qrup əlil olan qızım qışqırdığı üçün Məmməd evdən çıxaraq getdi”. 

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Məmmədin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib.

 
Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top