Azərbaycanın ali qonaqlarına dil uzadanlar, Şuşa haqqı peşman olacaqsınız!

GÜNDƏM 07 iyl 2024, 14:15

Neçə gün idi Merih Demiralın “Bozqurd”u UEFA-nın gözünə ox kimi sancılmasından yazırdıq. Şeytanın ağlına gəlməyən təxribat və cəza üsullarına əl atdılar, sonda arzularına çatdılar: Türkiyə yığması evə döndü, türkofoblar rahat nəfəs aldılar...

Ardınca növbəti məkrli planların üzərində işləyirlər, sərsəm bəyanatlar verirlər. Bu dəfə Quzey Kıprıs Türk Cümhuriyyətinin və Macarıstanın baş naziri Viktor Orbanın iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvəsində iştirakı Avropadakı türk düşmənlərinin ürəyini deşib, hərəkətə keçiblər.

Son illər ermənilərin əl oyuncağına çevrilmiş Borrell Orbanın Şuşa sammitində iştirakı ilə bağlı açıqlama verib. 

Bildirib ki, Macarıstanın baş naziri Viktor Orban iyulun 6-da Azərbaycanın Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının sammitində Avropa İttifaqını təmsil etməyib. 

“Bundan əlavə, Avropa İttifaqı təşkilatda müşahidəçi qismində “UTC-nin Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) legitimləşdirmə cəhdlərini pisləyir”-Aİ rəsmisinin bəyanatında deyilir.

Beləliklə, Borrelin qismində Avropa İttifaqı xəbis niyyətini növbəti dəfə ortaya qoydu. İslamafob və türkofob Borrelin “çiban”ı deşildi. Səhih məlumata görə, Borrelin məlum antitürk tezislərini hazırlayanlar Avropa İttifaqı xarici əlaqələr departamentində çalışan Zibert kimi şovinist və səlibçi təfəkkürlü şəxslərdir. Amma guya Borrel özü normal düşüncə sahibidirmi? Bu şəxsin Azərbaycana, Türkiyəyə qarşı saysız-hesabsız açıqlamaları var. Eyni zamanda Ermənistanı, erməni terrorunu, separatizmini müdafiə xarakterli açıqlamalarını unutmamışıq. 35 il Azərbaycanın qanunlarını tanımayan, xunta rejimi yaradıb, saysız cinayətlər törədən, ərazilərimizdəki sərvətləri talayan, minalarla çirkləndirən, silah anbarına döndərən– bu günədək dərələrdən, bunkerlərdən tank, top, artilleriya qurğuları tapılır – cənnət  Qarabağı narkoplantasiyaya, çirkli pulların yuyulduğu ərazilərə çevirən terrorçuları himayə edən Cozef Borrel əslində tutduğu vəzifənin məram-məqsədinə zidd mövqeyindən utanmalı idi. Müharibə cinayətləri törədən, “Gəncəni raketlə vurmağı mən əmr etdim”, deyən separatçı, terrorçu başçıları himayə edib, onlara qarşı əməliyyatları “hərbi müdaxilə” adlandıran, qandallanan uşaq qatillərini “dərhal azad etməyə” çağıran birisinin Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi postunda olması Avropa təşkilatının adına utancdır. Amma...Guya təşkilatın özü salamatdırmı? Bunlar neçə illərdir Azərbaycana, həmçinin qardaş Türkiyəyə qarşı pis niyyətləri, qərəzli mövqeləri ilə sinirlərimizə toxunurlar.

Keçən il Qarabağ erməniləri Azərbaycanın duz-çörək təklifinin qarşılığında Qarabağdan öz xoşları - əslində, onlara verilmiş sifariş əsasında – Laçın yolu ilə çıxıb gedəndə Ermənistanda iddialar irəli sürülürdü ki, guya onların sayı 100 mindir. Amma ermənidən çox erməni olan Borrel deyirdi “yox, siz düz saymamısız”, “Qarabağdan köçən ermənilərin sayı 150 minə çatıb”. Ermənilər özləri “biz geri qayıtmaq istəmirik”, deyib, üstəlik, Ermənistanda da baş götürüb gedəndən sonra belə, Borrel “ermənilər Qarabağa geri qayıtmalıdır”, deyirdi. Ötən ilin sentyabrında keçirilən antiterror tədbirindən sonra Nikol Paşinyan belə, mülki şəxslərin ziyan çəkmədiyini etiraf etdi, erməni əhali Azərbaycandan bir pislik görmədiklərini dedi, hətta “erməni millət deyil, azərbaycanlılar yaxşıdır” söyləyənləri də gördük, amma Avropanın borelləri “Azərbaycan tərəfindən etnik təmizləmə həyata keçirilir”, zəvzəməkdə davam etdilər. Bütün bunları görmüşük axı, onların “dabbaqda gönünə bələdik”.

Hərdən sülh nağılı danışır Borrel. Məsələn, Ermənistanla Azərbaycanın məhbusların qarşılıqlı azadlığa buraxılması və digər etimad tədbirlərinin elan edilməsi ilə bağlı addımı olan kimi, “ilham pərisi” cuşa gəlir, “mühüm siyasi addım”, adlandırır, “regionda sülhə nail olmaq üçün tarixi şans var və bu səyləri dəstəkləməyə sadiqik”, - deyərək hay-küy salır.

Amma aranı qarışdırmaqdan ötrü hansı oyundan çıxdığını unudur o anda, sadəcə, ermənilərdən kimlərinsə azad olunmasından irəli gələn sevinci düşünməsinə əngəl olur. Deyən gərək, sülh istəyirdinsə, bəs sülhə mane olan terroçuların qulağının kəsilməsi əməliyyatına qarşı çıxmağın hansı əxlaqın nəticəsidir?

Guya sülhpərvər imiş...Sülh istəyən Macarıstanın baş naziri Viktor Orbanın Moskvaya səfərinə, Rusiya rəhbərliyi ilə görüşünə, daha sonra Ukrayna prezidenti ilə görüşüb, sülh üçün vasitəçilik təklifinə qarşı çıxmazdı. Adamın bir sifəti olar. Hətta Zelenski belə, bu səfərin ardınca Rusiya ilə vasitəçilərin iştirakı ilə sülhün əldə olunmasının mümkünlüyünə reaksiya verib. Hər gün günahsız insanlar həlak olur, şəhərlər dağılır, Avropanın Borreli isə “Macarıstan Baş naziri Viktor Orban Rusiyaya səfər etmək üçün Avropa İttifaqından mandat almayıb”, deyir. İndi siz ad verin bu mövqeyə...

Əslində Avropa Macarıstan və onun liderindən öyrənməlidir ki, dünya ilə əlaqələr necə qurulur. Orbanın dediyi kimi, Brüsseldə kresloda oturan bu səlibçi təfəkkürlü siyasətçilər hələ də dünyanı ağ avropalının koloniyası kimi görürlər. Macar baş nazir Ukraynaya ayrılan milyardlarla vəsaitin, əslində, ünvanına tam şəkildə çatmadığını əsaslandırılmış şəkildə deməklə, ortaya cəsarətli mövqe qoyaraq, Avropa İttifaqının “müharibə-müharibə” oyununda iştirak etmək istəmədiyini dəfələrlə bəyan edib. Həmçinin bu savaşın tərəflərin heç biri üçün faydalı olmadığını haqlı olaraq bildirirdi. Rusiya-Ukrayna müharibəsində ən sağlam və ən səmimi mövqe sərgiləyən siyasətçilərdən biridir Orban. Bəli, bu mövqe Avropa qırğılarını təmin etmir, onlara qan lazımdır, qan, sülh rentabelli deyil.  

Şuşa sammiti bu gün başlayır

Yaxud Borrel Azərbaycanın və ümumiyyətlə. Türk Dövlətləri Təşkilatının yaxın dostu olan Viktor Orbanın Şuşa Zirvəsində iştirakından təşvişə necə düşübsə, tez-tələsik etiraz səsini qaldırıb. Nə baş verib? Orban nə vaxt deyib ki, mən burada Aİ-ni təmsil edirəm? Özü də macar baş nazirin TDT-da iştirakı ilk deyil. Sadəcə, Borreli Şuşa yandırır. Axı haylar kimi, onların Avropadakı yandaşları da Azərbaycanın Şuşa zəfərini həzm edə bilmirlər, qovrulurlar. Yansınlar, yanlar kimi. 28 il Şuşasızlıq bizim qəlbimizi yandırdı, ermənilər, onların havadarları kef-damaqda idi, indi gözləri kor olsun Şuşa Zirvəsindən! Aİ-nin dirijoru Makron Fransası indiyədək Azərbaycandakı səfirini Şuşaya göndərməyib,  bunu faktiki yasaqlayıb. Amma vecimizə deyil, dövlətimizin başçısı sözünü deyib: heç kim bizə minnət qoymasın, kim getmir, getməsin!  

Eləcə də Quzey Kıprısın prezidenti Ersin Tatarı Şuşada görən Borrel və digər Avropa siyasətçiləri şaşırdılar. Niyə? Quzey Kıprısın üzünə Avropa qapılarını bağladınız, Yunan Kiprini bağrınıza basdınız, indi deyirsiniz Azərbaycan da Ersin Tatarı Şuşaya qoymasın?! Bu nə yanaşma, nə mövqe, nə həyasızlıq?! Erməni-yunan-fransız koalisiyasındakı türk düşmənçiliyi harayadək davam edəcək? Türkiyəni Avropa İttifaqına buraxmadınız, dözdük, yunan Kiprini birtərəfli qaydada, sülh danışıqlarına məhəl qoymadan xristian klubuna üzv elədiyiniz halda, Quzey Kipr türklərini kənara itələdiniz, dedik buna da dözərik. Azərbaycanın öz torpaqları naminə canından, qanından keçməsinə belə çamur atmağa çalışdınız. Erməninin olmayan “mədəni irsi”nin müdafiəsinə qalxdığınız halda, Türkün totemlərinə belə, həqarət etdiniz, indi də Şuşa Zirvəsinə, Prezident İlham Əliyevin ali qonaqlarına dil uzadırsınız?! Həddinizi bilin! Azərbaycan dövləti Şuşanı azad edəndə sizdən icazə almayıb, Şuşa Zirvəsinə dəvətlilərin siyahısını da sizinlə razılaşdırmayacaqdı!

Yeri gəlmişkən, bundan əvvəl cənab Tatar Azərbaycan Prezidenti ilə görüşmüşdü, belə etirazlar olmamışdı. Amma baxın, Ersin Tatar bəyin, Prezident İlham Əliyevin dəvəti və böyük etimadı ilə azad, yenidən qurulan Şuşada düzənlənən Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi sammitində iştirakı türk düşmənlərini hərəkətə gətirib. Heç şübhəsiz, Türk dünyasına qarşı düşmənçilik edən yunan Kirpi və Yunanıstan da Borreli qızışdırır. Mənasız cəhdlərdir, heç nə qazanmayacaqlar, heç bir nəticəsi olmayacaq bu etirazların. Necə deyərlər, “it hürər karvan keçər”. Türkün karvanı daha böyük hədəflərə doğru uzun, müqəddəs yolçuluğa başlayıb, az sonra bağlı qapılar da üzümüzə açılacaq, məsələn, Turan qapısı – Zəngəzur! Ona görə də kimsə özünü yormasın, Qarabağa doğru inamla irəliləyərkən yolumuzu bütün mənalarda minalayanlar, ancaq qarşımızı kəsə bilməyənlər bundan sonra da əl – ayağımıza dolaşmaqla nəyəsə nail ola bilməyəcəklər! Borrel və onun fikirdaşlarının nə deməsindən asılı olmayaraq, hansı iddiada olmasından  asılı olmayaraq, türk dünyası artıq geosiyasi faktdır. Bunlar Şuşada qurulan Türk Zirvəsinə, “Tanrı Türkə yar olsun” sədaları altında Türk Dövlətlərinin bayraqları əllərində Cıdır düzündəki çaparları Qarabağ atlarının üstündə şığıdığına baxanda ürkürlər, sanki üstlərinə gedəcəklər deyə. Türkfoblar Türk liderlərin azad Türk yurdunda açılmış süfrədə halal çörək kəsdiyini görəndə də qorxurlar. Nədən qorxursunuz, ey zavallılar! Sadəcə Türk özünə qayıdıb, böyük olduğunu bir daha dünyaya xatırladıb, amma Avropanı silahla – Akınçı ilə fəth etmək niyyəti yoxdur! Hətta işğaldan azad olunan Şuşadan İlham Əliyev bəyan edib: daha bu dağlarda top atəşlərinin səsini eşitmək istəmirik! Biz istəmirik, Türk savaş tərəfdarı deyil, “Yurdda sülh, cahanda sülh” deyir, amma kimlərsə savaşmaq istəyəcəksə, cavabını alacaq! Yerinizi və sözünüzü bilin, borellər və borellalar, o ucalıqdakı Şuşa haqqı, peşman olacaqsınız!!!

Elşad PAŞASOY

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top