“Elektrobus istehsalında tələsmək lazım deyil” — AÇIQLAMA

SOSİAL 04 iyul 2024, 13:32
 “Yaxın gələcəkdə Azərbaycanda elektrobusların istehsal edilməsi planlaşdırılır. Bununla belə ölkədə ekoloji mühitin sağlamlaşdırılması üçün hələ çox işlər görülməlidir”.  

Bunu Demokrat.az-a açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

O, gələcəkdə elektrik mühərrikli avtomobil istehsalına başlanılmasının müsbət hadisə olduğunu qeyd edib:



“Hazırda bütün dünya iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparır. Həyatımızın mühüm bir parçasına çevrilən avtomobillərin ekologiyaya vurduğu ziyan hamımıza bəllidir, avtomobillərdən buraxılan karbon qazı atmosferin çirklənməsinə səbəb olur. Bunun qarşısının alınması üçün dünyanın qabaqcıl ölkələri “yaşıl texnologiya”lardan istifadəyə keçid edir, bərpa olunan enerji mənbələri inkişaf etdirilir, bu mənbələrdən “yaşıl enerji”nin alınması üçün yeni stansiyalar inşa edilir. Azərbaycan da iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verən ölkələrdən biridir. Bu mənada ölkəmizdə elektrobusların istehsal edilməsi planı müsbət qarşılanmalıdır. Lakin onu da qeyd etməliyəm ki, dünya səviyyəsində təsdiqlənib ki, elektrik mühərrikli nəqliyyat vasitələrinin müsbət tərəfləri ilə yanaşı mənfi cəhətləri də var. Belə ki, bu avtomobillər elektrik cərəyanı ilə işləyir, elektrikin çox hissəsini də istilik elektrik stansiyalarından əldə edirik, çünki su elektrik stansiyaları elə də çox deyil. İES-lərdə karbohidrogenlərin və daş kömürün yandırılması nəticəsində enerji əldə olunur. Bu proses zamanı isə havaya külli miqdarda karbon qazı buraxılır. Elektromobillərdə insanın cərəyan mühitinin içində olması sağlamlığa problem yaradır, bu fakt artıq təsdiqini tapıb. Düşünürəm ki, elektrik mühərrikli avtobusların istehsalında tələsmək lazım deyil. Respublikadakı 1,9 milyon maşının 85 faizi Bakı şəhərindədir, əhalinin də təxminən yarısı paytaxtda məskunlaşıb. Ekologiyanın qorunması üçün hələ çox işlər görmək lazımdır, problemin həlli təkcə elektrik mühərrikli nəqliyyat vasitələrindən keçmir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top