Ermənistan Avropa İttifaqına üzv ola bilər? — AÇIQLAMA

GÜNDƏM 01 iyl 2024, 21:26
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqına (Aİ) daxil olmaq üçün referendumun keçirilməsini məqsədəuyğun hesab etmədiyini bildirib. Ermənistan KİV-də yayılan məlumatlarda qeyd olunur ki, Paşinyan Ermənistan xalqının Avropa ilə bağlı arzularının olduğunu da dilə gətirib. 

Paşinyanın fikirlərinə münasibət bildirən politoloq Rəşad Bayramov deyb ki, Ermənistanın Avropa İttifaqına daxil olmaq üçün referendum keçirib-keçirməməsindən asılı olmayaraq bu gün faktiki olaraq Ermənistanda Gürcüstanda baş verənlərin eynisi yaşanır. Ekspert Demokrat.az-a açıqlamasında hər iki dövlətin Rusiya ilə üz-üzə olduğunu söyləyib:

“Ermənistan Rusiyadan asılılığa son qoymaq və Qərbə doğru irəliləmək istəyir. Ölkə daxilində çoxluq da Avropaya inteqrasiyanın tərəfdarıdır. Aİ-yə daxil olmaq üçün Ermənistan bir sıra mərhələlərdən keçməlidir. Aİ-nin tələblərinə cavab vermədən referendumun keçirilməsinə ehtiyac yoxdur onsuz da. Məsələ orasındadır ki, Paşinyan hakimiyyəti öz yolunu seçib və Ermənistanı Qərbə doğru aparmaq istəyir. Bu baxımdan hakimiyyət uğrunda olan mübarizəyə də Qərb və Rusiyanın toqquşması kimi baxmaq lazımdır. Vəziyyət onu göstərir ki, bu gün Ermənistanda Rusiyaya bağlı qüvvələrin sayı və aktivliyi o dərəcədə çox deyil. Zamanla bunun necə dəyişəcəyi də sual altındadır, çünki faktiki olaraq Rusiyanın əlində Ermənistana təzyiq göstərmək üçün iqtisadi alətlər mövcuddur. Rusiya bu alətlərdən istifadə etsə, Ermənistanda iqtisadi vəziyyət gərginləşə bilər. Bu da etirazçı kültənin artmasına gətirib çıxarar. Amma əgər Ermənistan Azərbaycanla sülh sazişi imzalayarsa, kommunikasiya xətləri açılarsa, nəticə etibarilə Türkiyə ilə sərhədlər də açılacaq. Bununla Ermənistanın Rusiyadan iqtisadi asılılığına son qoyula və o, Aİ yolunda inamla addımlaya bilər”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top