Bakıda taksi qiymətləri 15 faizə qədər artırlıb.
Bununla bağlı taksi opreatorları tərəfindən sürücülərə bildiriş gəlib.
Belə ki, qiymət artımı taksi xidməti göstərən avtomobillərin kəskin şəkildə azalması ilə bağlıdır. Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli qərarı ilə təsdiqlənən və 1 iyul 2024-cü ildən qüvvəyə minən "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"ə əsasən yaşı 15 ildən çox olan avtomobillərin taksi kimi fəaliyyət göstərməsi qadağan edilib. Qanunvericiliyə uyğun olaraq taksi operatorları tərəfindən 2008-ci il və ondan əvvəl istehsal edilən avtomobilləri xidmətdən kənarlaşdırılıb.
Uber taksi şirkətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, tətbiqdə sifariş edilən səfərlər üçün qiymətlər bazar tərəfindən müəyyən edilir.
"Onlara müxtəlif amillər, o cümlədən tələb və təklif balansı, həmçinin daşıyıcıların xərcləri (yanacaq qiymətləri, avtomobillərin qiymətləri və onlara texniki qulluq və s.) təsir göstərir. İndi yeni qanunvericilik tələbləri ilə əlaqədar bazar vəziyyəti dəyişir və aktiv sürücülərin sayı azalır. Vəziyyət əhəmiyyətli dərəcədə dəyişərsə, tariflər xəttə mümkün qədər çox sürücü cəlb etmək və sərnişinlərin gözləmə müddətini azaltmaq üçün tənzimlənir", - şirkətdən bildirilib.