“Bundan sonra Çin ilə əlaqələr daha da inkişaf edəcək” — Qabil Hüseynli

GÜNDƏM 03 iyul 2024, 20:36
Bu gün Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Birgə Bəyannamədə bildirilib ki, Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.

Çin ilə birgə əlaqələrin gücləndirilməsi daha hansı sahələrdə əməkdaşlığın irəliləməsinə təkan verəcək? 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycan bu gün bölgənin, bəlkə də dünyanın ən iri dəmir yolu qovşağı ölkəsidir. 

Qabil Hüseynlinin sözlərinə görə, bundan sonra Çin ilə əlaqələr daha da inkişaf edəcək:

“Azərbaycanın həm iqtisadi inkişafı, həm də bölgədəki coğrafi rolu bir çox dünya dövlətlərin marağındadır. Bütün bunlar Azərbaycanı dünyada əhəmiyyətli bir dövlətə çevirir, həmçinin, Çin üçün də. Azərbaycan artıq orta dəhlizin açılması ilə Qərb ilə Şərqi birləşdirən strateji bir əhəmiyyət kəsb edir. Bu nöqteyi-nəzərdən Çin Avropa ilə əlaqələrini, yük daşımalarının hamısını Azərbaycandan keçəcək Bakı-Tbilisi-Qars dəmir yolu, daha sonra isə Zəngəzur dəmir yolu vasitəsilə həyata keçirəcəkdir. Bundan başqa ola bilsin ki, yüklərin bir hissəsi, həmçinin, Şimal-Cənub dəmir yol xəttinin vasitəsilə həyata keçirilsin. Pekinlə bundan əvvəl də əlaqələrimiz vardı. Bundan sonra əlaqələrimiz daha sıx xarakter alacaq. Pekin bizdən neft də alır, biz də həmçinin, digər sahələrdə avtomobilqayırma və digər sahələrdə əməkdaşlıq edirik”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top