"Məktəblər onsuz da maliyyə çatışmazlığından əziyyət çəkir, bu da onlar üçün..." — Deputat nazirlə razılaşmadı

GÜNDƏM 01 iyl 2024, 19:56
 İlin sonuna kimi bir sıra məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçid planlaşdırılır. Elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib ki, bir neçə məktəbdə bu, pilot layihə kimi həyata keçiriləcək: "Sınaq uğurlu olsa, inkişaf üçün cəbhə yaranacaq. Bununla da məktəb muxtariyyəti və müəllimlər tərəfindən idarə olunması üçün yaxşı zəmin yaranacaq".

Məsələyə millət vəkili Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında münasibət bildirib. Onun sözlərinə görə, bu sistem uzun müddətdir ki, ali məktəblərdə tətbiq olunur:

“Təəssüflə qeyd etmək lazımdır ki, bu sistem ali təhsil müəssisələrində uğurlu olmadı. Adambaşına maliyyələşmə o deməkdir ki, hər tələbəyə görə universitetə dövlət maliyyə ayırır, yəni hər tələbənin ödədiyi vəsait hesabına maliyyələşmə həyata keçirilir. Bunun bir hissəsini dövlət sifarişi ilə təhsil alanlar üçün dövlət özü, bir hissəsini isə təhsil haqları hesabına universitet ödəyir. Hesab edirəm ki, ümumtəhsil məktəblərində də ali məktəblərdəki kimi bir model tətbiq olunacaqsa, müəyyən problemlər yaranacaq. Universitetlər gözünü tələbələrin ödədikləri təhsil haqqına tikib, bunun əsasında da xərclərini ödəyir. Bu da ciddi problemlər yaradır. Məktəblər də avtomatik olaraq adambaşına vəsaitdən asılı olacaq. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi daha geniş açıqlama versə, mənzərə aydın olar. Məktəblər onsuz da maliyyə çatışmazlığından əziyyət çəkir, bu da onlar üçün əlavə problemlərə gətirib çıxara bilər. Düşünürəm ki, belə məsələlərdə bir qədər ehtiyatlı olmaq və ciddi düşünmək lazımdır. Təhsil ocaqlarına ayrılan vəsait artırılmalıdır ki, onlar fəaliyyətlərini daha səmərəli qursun”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top