YAP yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanıb

DAXİLİ SİYASƏT 20 iyn 2024, 18:00
YAP Xətai rayon təşkilatının Qaçaq Nəbi küçəsi 8 ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP)  Xətai rayon təşkilatının Qaçaq Nəbi küçəsi 8 ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib. Görüşdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yoldan geniş söhbət açıb. Bildirib ki, bu il təsis olunmasının 32-ci ildönümünü qeyd edəcək YAP yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanıb, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirib. Sözlə əməl birliyi partiyanın nüfuzunun artmasında əhəmiyyətli rol oynayır. Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən danışarkən Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi qeyd edilir. Partiyanın dünəninə, bugününə və gələcəyinə böyük inamla yanaşan Ulu Öndər Heydər Əliyevin bu çağırışı da daim vurğulanır ki, YAP-a xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı, rolu vardır. Bu reallıq daim önə çəkilir ki, partiyanın ilk Proqramı tarixi Zəfərimizə qədərki dövrün reallıqlarına uyğun  hədəfləri özündə əks etdirdi. Əsas hədəf  “Yeni Azərbaycan uğrunda” oldu. 2020-ci ildə tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açdı. Dövlət başçısı, YAP-ın Sədri İlham Əliyev partiyanın VII qurultayında müasir dövrün tələblərini özündə ehtiva edən yeni Proqramın işlənib hazırlanması tapşırığını verdi. 2021-ci ilin sonunda “Biz birlikdə güclüyük!” devizi əsasında təsdiqlənən yeni Proqramın uğurlu icrası istiqamətində mühüm addımlar atılır. Çağırışdan da göründüyü kimi, səylərin birləşdirilməsi, hədəflərə doğru birgə addımların atılması YAP-ın fəaliyyətində vacib amillərdən biridir. Sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası yarandığı gündən qəbul etdiyi qərarları, yeni təşəbbüsləri ilə daim Azərbaycanın qüdrətlənməsinə, xalqımızın rifahının daha da yaxşılaşdırılmasına çalışıb.

YAP Xətai rayon təşkilatının sədri onu da qeyd edib ki, tarixi Zəfərimizdən sonra  həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başlayıb. Bu gün Azərbaycan möhtəşəm uğurları, Zəfərləri ilə dünyanın diqqətindədir. İnkişafın təkmil modelini nümayiş etdirən Azərbaycana hansı sahədən baxsaq  davamlı uğurların şahidi olarıq. Kompleks tədbirlərin həyata keçirilməsi, bütün sahələrin inkişafına yönələn Dövlət proqramlarının icrası ölkəmizin hərtərəfli inkişafını təmin edir. Hər bir Azərbaycan vətəndaşı, hər bir YAP üzvü qalib Azərbaycanın uğurlarının, tarixi həqiqətlərinin təbliğində fəal iştirakı özünə borc bilir. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin nəticələri göz qabağındadır. Qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş ölkənin vətəndaşı, Azərbaycanı uğurlu gələcəyə aparan ideyaların müəllifi, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin hazırda uğurla inkişaf etdirdiyi partiyanın üzvü olmaq böyük şərəfdir.

Tədbirdə çıxış edən YAP ərazi partiya təşkilatının sədri Könül Məmmədli Azərbaycanın uğurlarından, Yeni Azərbaycan Partiyasının xalqın partiyası kimi möhkəmlənən mövqeyindən bəhs edib.

Sonda partiya sıralarına yeni qəbul olunanlara YAP-ın üzvlük vəsiqəsi təqdim edilib. Yeni üzvlərdən Səlbinaz Vəliyeva çıxışında bu gün dünya miqyasında böyük nüfuza malik qüdrətli ölkənin vətəndaşı, YAP kimi partiyanın üzvü olmaqdan qürur duyduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top