“Həmin ailələrin sosial dəstək proqramlarına ehtiyacı var” — Kimsəsiz uşaqlarla bağlı TƏKLİF

GÜNDƏM 14 iyun 2024, 17:59
 Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində bu ilin ötən dövründə 27 uşağa xidmət göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən məlumat verilib ki, Müəssisənin Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası şöbəsində həmin uşaqların sosial işçi tərəfindən ilkin qiymətləndirilməsi aparılıb. Uşaqların bioloji ailələrinə reinteqrasiya olunması, yaxud övladlığa götürülməsi və ya himayədar ailəyə verilməsi sahəsində də tədbirlər görülür. Şöbədə hazırda 17 uşaq dövlət qayğısı ilə əhatə olunur. 

Sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a açıqlamasında qeyd edib ki, uşaqların müəssisələrdən ailələrə verilməsi çox mühüm məsələdir, bu, ilk növbədə qlobal çağırışdır:


“BMT-nin uşaq hüquqları ilə bağlı beynəlxalq Konvensiyası var, Azərbaycan da buna qoşulub. Uşaqların sosiallaşması, inkişafı üçün sağlam ailə mühitində böyümələri lazımdır. Azərbaycanda da bu sahədə institutlaşma gedir, 2006-cı ildə bununla bağlı dövlət proqramı təsdiqləndi. Təcrübə göstərir ki, uşağın sosiallaşması üçün ən yaxşı mühit ailə mühitidir. Bunun üçün ailələrin də sosial dəstək proqramlarına ehtiyacı var. Elə uşaqlar var ki, ailələri tərəfindən sosial müəssisələrdə yerləşdirilir. Hesab edirəm ki, ailənin maddi imkanlarını artırmaq, gəlirlərini normallaşdırmaq, məşğulluq problemlərini həll etmək üçün onlara dəstək göstərilə bilər. Valideynlərini itirmiş uşaqların da qayğı ilə əhatələnməsi üçün onlar himayədar ailələrə və ya övladlığa verilir. Bu da həmin uşaqların cəmiyyətə inteqrasiyası üçün mühüm addımdır. Çalışmalıyıq ki, ölkədə ailələrin dayanıqlılığı təmin olunsun, boşanmaların sayı azalsın, onların maddi və psixoloji durumu yaxşı olsun”. 

Ekspert deyib ki, uşaqlar sosial müəssisələrdə olarkən ailə modeli ilə tanış olmurlar, ailənin nə olduğunu bilmirlər:

“Buna görə də gələcəkdə düşünə bilərlər ki, öz övladlarını da belə müəssisələrə yerləşdirsinlər. Ailələrdə böyüyən və ya övladlığa, himayədar ailəyə verilmiş uşaqlarla digərləri arasında bu mənada böyük fərq var. Məhz ailə mühitində formalaşan, böyüyən uşaq cəmiyyətə, ölkəyə daha çox fayda verə bilər, nəinki sosial müəssisələrdə yaşayanlar. Boşanmalar artdıqca, uşaqlar valideynləri tərəfindən tərk edildikcə bu, dövlət üçün də problemlərə gətirib çıxarır. Ailə dəyərlərimizi yaşatmalıyıq. Bu istiqamətdə cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top