Avropa Parlamenti sağa dönür? — Deputatdan ilginc TƏHLİL

SİYASİ 07 iyun 2024, 09:35
Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvü Kamran Bayramov Avropa Parlamentinə iyunun 6-da start verilmiş seçkilərin nəticələrini proqnozlaşdırmağa çalışıb, maraqlı təhlil aparıb. Həmin təhlili oxucularımızın diqqətinə təqdim edirik.

Bu həftə Avropa İttifaqı (Aİ) üçün ən mühüm siyasi hadisələrdən biri ilə əlamətdardır. İyunun 6-dan etibarən Avropa qitəsinin 27 ölkəsinin 400 milyondan çox vətəndaşı Avropa Parlamentinin (AP) yeni tərkibinin necə olacağına qərar verməkdədir. Proqnozlara görə, hazırkı seçkilər ifrat sağçı partiyaların Avropanın qanunvericilik orqanında təmsilçiliyini əhəmiyyətli dərəcədə gücləndirəcək, onların Aİ-nin Fransa, İtaliya, Belçika, Macarıstan, Avstriya və Niderland kimi üzv-dövlətlərində qeyd-şərtsiz qalib gələcəyi gözlənilir. Amma ifrat sağçı partiyalardan seçiləcək deputatların birləşərək AP-də ən azı ikinci nüfuzlu siyasi qüvvəyə çevrilə biləcəkləri hələ də böyük sual altındadır.

Əvvəllər AP-yə seçkilər heç vaxt avropalılar arasında marağın artmasına səbəb olmayıb. 1979-cu ildə keçirilən ilk belə səsvermədə seçici fəallığı 62 faiz olub və o vaxtdan bəri davamlı olaraq azalıb. 2019-cu ildə keçirilmiş son seçkilər zamanı bu rəqəm artsa da, cəmi 50,7 faiz təşkil edib. Amma iqtisadi, ekoloji və sosial məsələlərlə yanaşı, müdafiə və təhlükəsizlik məsələlərini seçki kampaniyasının əsas mövzularına çevirən Ukrayna hadisələri fonunda Avropa ictimaiyyətinin hazırkı səsverməyə marağının nəzərəçarpacaq dərəcədə artığı müşahidə olunur. Aİ-nin daxilində keçirilmiş son ictimai rəy sorğusuna görə, seçicilərin təxminən 71 faizinin seçkilərdə iştirak edəcəyi ehtimal olunur.

Lakin, qarşıdan gələn seçkilərin əsas xüsusiyyəti son zamanlar nisbətən marginal hesab edilən və əsas partiyalar tərəfindən siyasi həyatın periferiyasına sıxışdırılan ifrat sağçı partiyaların mövqelərinin güclənməsindən ibarətdir.

Əsas uğur hekayələrindən biri, çox güman ki, 28 yaşlı Jordan Bardellin rəhbərlik etdiyi (və Marin Lö Penin ideoloji lideri kimi qaldığı) Fransanın “Milli Birlik” Partiyasının nəticəsi olacaq. 2019-cu ildə ifrat sağçılar AP seçkilərində artıq qalib gəliblər, lakin o zaman onların prezidentyönlü “İntibah” partiyası üzərindəki üstünlüyü cüzi idi. Bu dəfə isə məsələ Marin Lö Penin partiyasının hakimiyyət partiyasını ötüb keçə biləcəyində deyil, Emmanuel Makronun məğlubiyyətinin nə qədər sarsıdıcı olacağındadır. Sorğular ifrat sağçılara təxminən 32 faiz səs vəd edir, təqribən 15 faiz civarında seçici dəstəyi ilə “İntibah” partiyası isə sosialistlərə belə uduzmaq riski ilə üz-üzədir.

Belçikada işlər daha dramatikdir, çünki iyunun 9-da krallığın sakinləri təkcə AP-dəki nümayəndələrini deyil, həm də federal və regional parlamentlərin üzvlərini seçməli olacaqlar. Müəyyən edilmiş təcrübəyə görə, iki bölgə (holland dilli şimali Flandriya və fransız dilli Valloniya) yalnız regional partiyalarından seçim edir. Lakin, baş naziri seçmək və Belçikanı idarə etmək üçün flamand və vallon partiyaları federal səviyyədə koalisiya formalaşdırmalıdırlar. Əgər keçmişdə əsas partiyalar ifrat sağçıları hakim koalisiyalardan kənarda saxlaya bacarırdılarsa, bu dəfə məhz sonuncular üstünlük əldə edəcək. Sorğulara görə, Flandriyadakı seçki yarışının mütləq lideri 27 faiz dəstəklə ifrat sağçı “Vlaams Belanq” partiyasıdır. Bölgədə daha 20 faiz, proqnozlara görə, başqa bir ifrat sağçı qüvvə olan “Yeni Flamand Marağı” (New Flemish Interest) partiyasına keçəcək. Bu o deməkdir ki, seçkilərin yekunlarına görə Belçika, çox güman ki, hakim koalisiyanı bir araya gətirmək üçün ağır və uzunsürən proseslə üzləşəcək və adıçəkilən ifrat sağçı partiyalar AP-də əhəmiyyətli təmsilçilik əldə edəcək.

Keçən ilin payızında keçirilən milli seçkilərdə birinci yer tutması ilə bütün Avropanı şoka salan Niderlandın ifrat sağçı Azadlıq Partiyasının da Avropadakı nəticələrini gücləndirəcəyi gözlənilir. Yalnız may ayında çətinliklə birləşmiş hökumət koalisiyasını yaratmaq üçün onun lideri Girt Vilders ən radikal ideyalarının bir qismindən imtina etməli oldu, lakin o, ümumilikdə avroskeptik və ifrat sağçı platformanı qoruyub saxlaya bildi. Eyni zamanda, Vilders populyarlığını da qoruya bildi - sorğulara əsasən, AP-yə seçkilərin yekunlarına görə Azadlıq Partiyası və onun üç koalisiya tərəfdaşı Niderlanda düşən 31 mandatın yarısını əldə edəcək.

AP seçkiləri ərəfəsində ifrat sağçı partiyaların populyarlığının artması ilə bağlı oxşar tendensiyalar Avstriyada (hazırda müxalifətdə olan Azadlıq Partiyası 27 faiz səslə sorğularda liderlik edir), İspaniyada (burada Vox partiyası 12,6 faiz səslə üçüncü yerdədir), Portuqaliyada (ifrat sağçı Çeqa partiyası mart ayında keçirilən parlament seçkilərində 18 faiz səs toplayıb və bu uğuru Aİ səviyyəsində möhkəmləndirməyi planlaşdırır) və nəhayət, Almaniyada (bir sıra səs-küylü qalmaqallara baxmayaraq “Almaniya üçün Alternativ” partiyasının kansler Olaf Şoltsun sosial demokratlarını ikinci yerdən tərpətmək şansları hələ də vardır) müşahidə olunur.

Amma, Avropa Parlamentinə qarşıdan gələn seçkilərin əsas qalibi kimi İtaliyanın baş naziri Corciya Melonini və onun “İtaliya Qardaşları” partiyasını görürlər. AP-yə keçirilmiş əvvəlki seçkilərdə İtaliyadan qalib 34 faiz səs toplamış Matteo Salvini və onun sağçı “Liqa” partiyası olub, Meloninin “İtaliya Qardaşları” isə cəmi 6 faiz səs toplaya bilib. Son beş ildə vəziyyət 180 dərəcə dəyişib - nisbətən zəif müxalifətçi fiqurundan ölkənin baş naziri vəzifəsinə yüksələn Corciya Meloni öz partiyasının reytinqini nəzərəçarpacaq dərəcədə gücləndirib. İndi onun təxminən 27 faiz, “Liqa”nın isə cəmi 8 faizədək səs alacağı proqnozlaşdırılır.


Əsas məsələ ondadır ki, Avropa səviyyəsində həm ifrat sağçı qüvvələr, həm də Avropa Komissiyasının başçısı Ursula fon der Leyenin rəhbərlik etdiyi sağ mərkəzçi düşərgə Corciya Meloninin rəğbətini qazanmağa çalışırlar. 
Xatırladaq ki, 2019-cu ildən AP daxilində ifrat sağçı partiyalarını təmsil edən iki fraksiya - “İtaliya Qardaşları”nın daxil olduğu “Avropa Mühafizəkarları və İslahatçılar” (ECR) və “Liqa”nın və “Milli Birliyi”n daxil olduğu “İdentiklik və Demokratiya” (ID) formalaşmışdır.

Mayın sonunda Marin Lö Penin partiyası ilə Almaniyanın “Almaniya üçün Alternativ” partiyası arasında yaranan fikir ayrılığının ardınca, Fransanın ifrat sağçıları AP seçkilərindən sonra Corciya Meloninin partiyası ilə birləşmək arzusunu açıq şəkildə ifadə edib.

Corciya Meloni ifrat sağçıların ümumavropa səviyyəsində birgə hərəkət etməli olduğunu dəfələrlə dilə gətirib. Ötən şənbə günü seçkiqabağı təşviqat mitinqində çıxış edən İtaliyanın baş naziri bildirib ki, “Bizim aydın məqsədimiz var - il yarım əvvəl Romada etdiyimizi Brüsseldə də etmək istəyirik, yəni Avropada sağ mərkəzçi hökumət yaratmaq və, nəhayət, son illərdə qitəmizə zərər gətirmiş solçuları, qırmızıları, yaşılları və sarıları müxalifətə çevirmək arzusundayıq”. Lakin bir saatlıq çıxışında o, ECR-in və ID-nin birləşməsinin mümkünlüyü barədə söz açmayıb.

Belə çıxır ki, Corciya Meloni öz partiyasının və ECR-ə daxil olan digər ifrat sağçı qüvvələrin iyunun 9-dan sonra AP-də çoxluğu qoruyub saxlamağa söz verən və AP-nin ən iri fraksiyası olan sağ mərkəzçi Avropa Xalq Partiyası ilə birləşməsini nə dərəcədə mümkün hesab etməyi ilə bağlı intriqanı saxlamaq qərarına gəlib.

Bu isə o deməkdir ki, iyunun 9-dan sonra Avropa Parlamentində qüvvələr nisbətində xeyli dəyişikliklərin ediləcəyi gözlənilir və bu cür dəyişikliklər baş verərsə, qurumun siyasətində və bir sıra mövqelərində korrektələrin edilməsi istisna olunmur.


Kamran Bayramov,
Milli Məclisin deputatı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
Top