"Məmurların həmin marketlərlə əlaqəsi var" — Paytaxtda bazarların sayı niyə azdır?

GÜNDƏM 04 iyn 2024, 18:51
Əhalinin ərzaq üçün əsas alış-veriş məkanı olan bazarların sayı Bakıda çox azdır. Əvvəllər paytaxtda bir neçə böyük bazar var idi. İndi isə onları supermarketlər əvəz edir. Qiymət fərqi isə göz qabağındadır. 

İqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, köhnə bazarların bağlanması, yenilərinin açılmamasının səbəbi market biznesinin inkişaf etməsidir.

O, Demokrat.az-a açıqlamasında deyib ki, market şəbəkələri bu seqmentdə inhisarçıya çevrilib:



“Bu inhisarçılığa da hökumətdən dəstək var. Çünki dövlət məmurlarının o marketlərlə əlaqəsi var, onlarda payı var. Belə olmasaydı, bazarların sıradan çıxarılması prosesi getməzdi, əksinə, hökumət hər yaşayış yerinin yaxınlığında bazarlar təşkil edərdi, rəqabət mühiti daha da inkişaf edərdi. Sovet vaxtı Bakının hər rayonunda azı bir bazar var idi. İndi onların çoxu sıradan çıxıb. Mövcud bazarların fəaliyyətində də qiymətlərin bahalaşdığını görürük. “8-ci kilometr” bazarında pomidorun qiyməti manat yarım olanda marketlərdə 2-3 manat olur, amma addımbaşı hər yerdə marketlər olduğu üçün insanlar bazarlığını buradan etməli olur, bazara gedə bilmir. Digər bazarlar, məsələn “Yaşıl” bazarda qiymətlər artıq marketlərdəki kimidir. 

Marketlərin regionlarda da filialları var. Həmin marketlərə də meyvə-tərəvəz “Meyvəli” bazarından aparılır. Halbuki rayonun özündə meyvə-tərəvəz boldur, amma yerli fermerlərdən almırlar, çünki “Meyvəli” ilə müqavilələri var. Ənənəvi bazarlar olmalıdır ölkədə”.

Törə Zeynallı
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top