Fuad Nəcəfli nobel mükafatı laureatı Əziz Səncərla görüşüb — FOTOLAR

SOSİAL 01 iyn 2024, 23:00

Iyunun 1-də dünyaşöhrətli alim, ABŞ-nin Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, kimya üzrə Nobel mükafatı laureatı Əziz Sancar Naxçıvana səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb.

Səlahiyyətli nümayəndə Əziz Sancarı qarşılayıb, dünya şöhrətli alimi Naxçıvanda salamlamaqdan məmnunluğunu bildirib.

Qonaq əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binası ilə tanış olub. Fuad Nəcəfli Ali Məclisin iclas zalında məlumat verib ki, burada Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə tarixi qərarlar qəbul edilib. Ötən il Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın Naxçıvana səfərini xatırladan səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, dövlət başçılarımızın iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi də bu zalda keçirilib.

Sonra davam etdirilən görüşdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü barədə məlumat verib. Xüsusilə vurğulayıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilib. Müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı ilk dəfə Naxçıvanda qəbul edilib, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafının istiqamətləri məhz burada müəyyənləşdirilib. 

Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi Naxçıvan-Türkiyə münasibətlərinin qurulmasında da yeni mərhələyə təkan verib. 

Məhz o dövrdə Türkiyənin nümayəndə heyəti ilə danışıqlar aparılıb və əməkdaşlıq haqqında protokol imzalanıb. 

Həmin təməllər üzərində qurulan Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətləri hazırda dövlət başçılarımızın rəhbərliyi altında möhkəm və sarsılmaz xarakter daşıyır.

Nobel mükafatı laureatı Əziz Sancar göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkür edib, Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top