“Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı region ölkələrinin də maraqlarına uyğundur”

HƏRBİ 23 may 2024, 17:13
“Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı birmənalı olaraq regionda sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib”.

Bunu Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O qeyd edib ki, iki qardaş ölkənin hərbi sahədə əməkdaşlığı regionda həll olunmuş münaqişəni yenidən alovlandırmağa çalışan qüvvələrə qarşı yönəlib: 

“Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı heç bir halda qonşu dövlətlərə qarşı deyil. Əksinə, bu əməkdaşlıq qonşu dövlətləri də mümkün əməkdaşlıq platformalarına cəlb etməklə kənar qüvvələrin regiondan çıxarılmasında böyük əhəmiyyətə malikdir. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının yüksələn xətlə inkişaf etməsi Şuşa Bəyannaməsindən irəli gəlir. Bu əməkdaşlıq zamanla daha da güclənib inkişaf edəcək və region ölkələrinin də maraqlarına uyğundur”.

Qeyd edək ki, mayın 21-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə, hərbi, hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib. Hər iki qardaş ölkənin hərbi qulluqçularının peşəkarlığının artırılması, eyni zamanda qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə hərbi təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb və bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top