“Arvadının kişilərlə danışacağından ehtiyat etdiyini dedi” — Ucarda dəhşətli cinayət

KRİMİNAL 21 may 2024, 14:10
Ucar rayonunda 1988-ci il təvəllüdlü İntiqam ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nigarı (adlar şərti verilib – red.) qətlə yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, İntiqam 14 aprel 2021-ci ildə Ucar rayonunun kəndində yerləşən yaşayış evində qeyri-rəsmi nikah münasibətlərində olduğu 1985-ci il təvəllüdlü Nigar ilə arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun onu nalayiq sözlərlə təhqir etməsindən əsəbiləşib. 

İntiqam Nigara qarşı yaranmış nifrət hissini əsas tutaraq, edilmiş təhqirlərə son qoymaq üçün qisas almaq məqsədi ilə onu öldürmək qərarına gəlib. Bu niyyətlə bıçaqla ilk olaraq Nigarın sinə nahiyyəsinə 1 dəfə vurub. 

Daha sonra bıçaqla yerdə uzanıqlı vəziyyətdə olan Nigarın üzərinə çıxıb və bədəninin vacib sayılan orqanlarına çoxsaylı zərbələr endirib. Ümumilikdə 26 bıçaq yarası alan Nigar vəfat edib. 

İstintaq orqanı tərəfindən İntiqamın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İntiqam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Ucar şəhər sakini Nigar ilə təxminən 2014-cü il tarixindən etibarən sevgili münasibətlərində olub və 2020-ci ildə Bakı şəhərində kirayədə bir yerdə yaşayıb: “2021-ci ilin yanvarından Nigar ilə birlikdə Ucar rayonunun kəndində yerləşən ata həyətində yerləşən yaşayış evində birlikdə yaşamağa başladıq. Həyətdə mənim və bacım Günelin ayrı-ayrılıqda yaşadığımız 2 yaşayış evi olub. Mən Nigar ilə bir evdə, bacım və qardaşım övladları ilə birlikdə digər evdə yaşayıblar. Ucar rayonunun kəndində yerləşən sexdə fəhləlik etmişəm. Ailə kimi bir yerdə yaşamağımıza baxmayaraq dəfələrlə Nigar ilə aramızda mübahisələr olub. Nigarın bacısı Aysu bizim birlikdə yaşamağımızı istəməyib. Aysu dəfələrlə yaşadığımız evə gələrək Nigarı ata evinə aparmaq istəsə də, Nigar buna razılıq verməyib”. 

Təqsirləndirilən şəxs bildirib ki, aprelin 14-də, saat 14 radələrində Aysu ona zəng edərək onlara gələcəyini deyib: “Telefonda danışıq zamanı bizə gəlməməsini tələb etdim. Saat 15 radələrində yaşadığım evdə olarkən Aysu bizə gəldi. Nigarla birlikdəı ünvanıma, ata-anamın qəbrinə nalayiq sözlər deməklə, məni təhqir etdilər. Nigar ilə aramızda soyuqluq yarandı. Bu səbəbdən Nigar da evdən getmək istədiyini, davamlı olaraq mənim və ailə üzvlərimin ünvanına nalayiq sözlərlə təhqir etdi. Buna görə yaşadığım evdə stol üzərində olan və Aysuya məxsus olan mobil telefonu götürdüm. Telefonu stol üstünə vurmaqla qıraraq həmin telefonu həyətə tərəf atdım. Bundan sonra Nigarın davamlı olaraq məni təhqir etməsindən əsəbiləşdim. Stolun üzərində olan bıçağı götürərək Nigarın sinə nahiyəsinə 1 dəfə zərbə vurdum. Zərbənin təsirindən Nigar yerə yıxıldı. Həmin vaxt cibimdə olan mobil telefonlarım cibindən düşə biləcəyini düşünərək  otaqdan həyətə tərəf çıxdım. Telefonları və cibimdə olan 50 manat pulu həmin həyətdə yaşayan bacım qızını çağıraraq ona verdim. Ona evə girib, bayıra çıxmamasını tapşırdım. Yenidən yaşadığım evə qayıtdim. Otağa daxil olaraq Nigarın üstünə hücum etdim və əlimdəki bıçaqla onun bədəninin müxtəlif yerlərinə davamlı olaraq çoxsaylı zərbələr vurdum. Zərbənin təsirindən Nigar yerə yıxıldı. Bu vəziyyətdə olan Nigarın üstündə oturdum və bıçaqla onu vurmağa davam etdib. Bu zaman otağın qapısı açılaraq içəri qardaşım arvadım daxil oldu. Onun bizi ayırmaq üçün yaxınlaşdığını gördüm. Üstünə qışqıraraq otağı tərk etməsini bildirdim. O da dərhal otağı tərk edərək qapını örtdü. Həmin vaxtı dizlərim üstə Nigarın üstündə oturdüm və çoxsaylı bıçaq zərbələri vurmağa davam etdim. Bu zaman Nigarın bacısı arxadan köynəyimdən tutaraq məni çəkmək istəyərkən köynəyim cırıldı. Aysu məni Nigardan ayırmağa gücü çatmadığı üçün otaqda olan çayniki götürərək başıma vurdu. Bu zaman çaynik qırıldı. Sonra Aysu otaqda olan içərisində yemək yağı olan dəmir materialdan hazırlanmış tava ilə başımdan vurduqdan sonra huşumu itirdim, yerə uzandım. Huşumu itirsəm də, sol qarın hissəmdən kəskin ağrı hiss etdim. Həmin ağrıya görə gözlərimi açdıqda Aysunun Nigarı vurduğum bıçaqla otağın qapısından həyətə çıxaraq qaçdığını gördüm. Aysu huşsuz vəziyyətimdən istifadə edərək, bıçaqla mənə xəsarət yetirdiyini başa düşdüm. Həmin vaxt yerdə uzanıqlı vəziyyətdə qalaraq, ayaq üstə qalxmağa taqətim olmadı. Qısa müddətdən sonra otağa Nigarın qardaşı, həmçinin polis əməkdaşları gəldi. Nigarın qardaşı təpiklə üzümdən çoxsaylı zərbələr vurduqdan sonra dərhal hadisə yerində olan polislər onu araladılar. Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq tibbi yardım göstərildikdən sonra həmin günü buraxıldım. Xəstəxanada olarkən Nigarın öldüyünü öyrəndim”.

İş üzrə şahid qismində ifadə verən Aysunun sözlərinə görə, bacısı Nigar İntiqam ilə 4 il qeyri-rəsmi olaraq bir yerdə yaşayıb: “Son bir ildə isə İntiqam Ucar rayonunun kəndində yerləşən evlərində bacım ilə birlikdə yaşayıblar. İntiqamla Nigar arasında məişət zəminində mübahisələr baş verib. Son zamanlar Nigar ayrılaraq ata evinə qayıtmaq istəsə də, İntiqam buna icazə verməyib. Nigara ad günü hədiyyəsi kimi istifadəmdə olan telefonu vermək istədiyimdən aprelin 14-də, saat 14 radələrində İntiqama zəng edərək onlara gəlmək istədiyimi bildirdim. Sonra saat 15 radələrində İntiqamın yaşadığı evə getdim. Həmin vaxt İntiqamla Nigar həyətdə olublar. Nigarın ağladığına görə də onları evə dəvət etdim. Evdə söhbət zamanı Nigar İntiqam tərəfindən döyüldüyünü və buna görə də evdən getmək istədiyini bildirdi. Nigara gətirdiyim telefonu ad günü hədiyyəsi kimi vermək istəsəm də, İntiqam Nigarın digər kişilərlə danışacağından ehtiyyat etdiyini dedi. Ona telefon verməyimə razılıq vermədi”.

Aysu qeyd edib ki, daha sonra İntiqam çölə çıxaraq qısa müddətdən sonra evə daxil olmuş və belində saxladığı bıçağı çıxararaq Nigarın üstünə hücum edib: “Nigar küncə sıxılaraq özünü müdafiə etmək istəsə də, İntiqam sağ əlində saxladığı bıçaqla onun bədəninin müxtəlif yerlərinə çoxsaylı zərbələr vurdu. Həmin vaxt Nigar yerdə uzanıqlı vəziyyətdə qışqırmasına baxmayaraq İntiqam öz hərəkətlərini davam etdirdi. İntiqamın əlində olan bıçağı öz əlim ilə saxlayaraq onun bacıma xəsarət yetirməsinin qarşısını almaq istəsəm də, bunu bacarmadım. Bu zaman İntiqamın qardaşı arvadı köməklik üçün içəri daxil olmaq istədi. Lakin İntiqam onun üstünə qışqıraraq bayıra çıxmasını tələb etdi. O da qorxusundan evdən bayıra çıxdı. Həmin vaxtı qorxduğum üçün və İntiqamın əməllərinin qarşısını almaq məqsədi ilə kömək çağırmaq üçün ayaqyalın darvazaya tərəf qaçdım. Qışqıraraq köməklik çağırsam da, heç kim çağırışa gəlmədi. Küçədə olan İntiqamın bacısı qızınnın mobil telefonu ilə nömrədə danışıq məbləği olmadığı üçün bacıma qısa zəng edərək bu barədə məlumat verdim. Daha sonra küçədən qaça-qaça İntiqamın qardaşı gəldi. Təxminən 5-6 dəqiqə sonra İntiqamım qardaşı darvazaya tərəf qayıdaraq mənə İntiqamı vurub-vurmadığımı soruşdu. İntiqama heç nə etmədiyimi bildirdim. Qısa müddətdən sonra hadisə yerinə qardaşlarım, bacım  gəldilər. Həmçinin Ucar Rayon Polis Şöbəsinin  əməkdaşları da oraya gəldi. Polis əməkdaşları ilə birlikdə hadisənin baş verdiyi otağa daxil oldum. Nigarın yerdə uzanıqlı vəziyyətdə və üstündə xəsarətlərin olduğunu, İntiqamın da yerdə huşsuz vəziyyətdə uzanıqlı vəziyyətdə olmasını gördüm. İntiqamın bacıma çoxsaylı bıçaq zərbələri yetirməklə onu öldürdüyünü başa düşdüm. Cinayətin aləti olmuş bıçaq ancaq İntiqamın əlində olubr. Bıçağın harda olması barədə heç bir məlumatım olmayıb. Hadisə baş verən vaxtı İntiqama xəsarət yetirməmişəm. Eləcə də İntiqam mənə heç bir xəsarət yetirməyib. Lakin cinayətin qarşısını almaq üçün İntiqamın əlindəki bıçağı öz əlim ilə tutduğum üçün həmin bıçaq sol əlimi qismən kəsib”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İntiqam 16 il 6 ay azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top