Bakıdan Türkiyənin bu turizm şəhərinə birbaşa təyyarə reysi açıla bilər — Müzakirələr gedir...

TURİZM 20 may 2024, 12:30
"Artıq ikinci ildir ki, Azərbaycan nümayəndə heyəti olaraq Samsunda keçirilən Sağlamlıq Turizmi Zirvə Toplantısında iştirak edirik. Sevindirici haldır ki, bu il ölkəmiz tədbirdə daha böyük heyətlə təmsil olunub".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Turizm və xidmət üzrə iş komissiyasının sədri Ruslan Quliyev deyib. 

Onun sözlərinə görə, qardaş Türkiyənin Samsun şəhəri iqtisadi potensialı və sağlamlıq turizmi imkanları baxımından inkişaf etməkdə olan cəlbedici destinasiyadır:

"Təəssüflər olsun ki, quru sərhədlərinin bağlı olması azərbaycanlı turistlərin buraya gediş-gəlişini çətinləşdirir. Zirvə Toplantısında Samsunla Bakı arasında birbaşa reyslərin açılması da müzakirə edilib. Turistlər logistika məsələsində bir qədər çətinliklər yaşayırlar. Ona görə də bu məsələnin həlli vacibdir". 

Ruslan Quliyev

Ruslan Quliyev qeyd edib ki, dünyada sağlamlıq turizmi turistlərdə maraq oyadan turizm növüdür:

"Dünyada turizm sektorunda sağlamlıq turizminin payı ildən-ilə daha da artır. Azərbaycanda da sağlamlıq turizminin inkişafı üçün potensial var. Bu ilin sonuna qədər Azərbaycanda Samsun Sağlamlıq Turizmi Günlərinin keçirilməsi planlaşdırılır. 

Bundan əlavə, Samsunda keçirilən beynəlxalq tədbirdə türkiyəli həmkarlarımızla digər ölkələrdə də birgə fəaliyyətə başlamağa qərar verdik. Bu il Moskvada, Frankfurtda, Londonda və ən əsası Orta Asiya türk cümhuriyyətləri formatında yaratdığımız alyansın üzvləri ilə bərabər Qazaxıstan, Özbəkistan və Qırğızıstanda da sağlamlıq turizmi günləri və bu çərçivədə görüşlərin, seminarların keçirilməsini planlaşdırırıq".

Qeyd edək ki, Türkiyənin Samsun şəhərində II Əkiztəpə Beynəlxalq Sağlamlıq Zirvəsi keçirilib. Zirvə toplantısında ölkəmizi Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Turizm və xidmət üzrə iş komissiyasının sədri Ruslan Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top