Taksi fəaliyyətində məhdudlaşdırma işsizliyi artıracaq? — AÇIQLAMA

GÜNDƏM 15 may 2024, 15:47
“Taksi fəaliyyəti ilə əlaqədar son tənzimləmələr, verilən qərarlar istənilən halda bu sahədə fəaliyyət göstərən şəxslərin sayında nəzərəçarpacaq azalmaya gətirib çıxaracaq. Nəzərə almaq lazımdır ki, işsiz insanların əksəriyyəti fərdi avtomobillərlə və ya günlük icarəyə götürdükləri avtomobillərlə məşğulluğunu təmin edirlər”. 

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, müvafiq sahəyə nəzarət imkanları elə də  asan deyil: 



“Qeyri-rəsmi taksi fəaliyyəti geniş yayılıb. Düşünmürəm ki,yeni qaydalar tezliklə bu vəziyyəti aradan qaldırsın. Belə məhdudiyyətlərin tətbiq edilməsi əmək bazarında gərginlik yarada bilər. Çünki həm paytaxtda, həm də regionlarda qeyri-ixtisas sahibləri, işsiz şəxslərin son ümid yeri taksi fəaliyyəti ilə məşğul olmaqdır. Hökumət hər hansı məhdudlaşdırma tətbiq edirsə, yeni iş yerlərinin yaradılması ilə bağlı konsepsiya da ortaya qoymalıdır”.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq ölkədə taksi sayına məhdudiyyət qoyula bilər. Qeyd olunub ki, “Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilə bilər.
  
Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top