Dostları ilə yeyib-içən kişi arvadını döydü — TƏFƏRRÜAT

KRİMİNAL 23 apr 2024, 19:57
Neftçala rayonunda 1972-ci il təvəllüdlü Sakit ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Zamirəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 2-də Neftçala rayonunun kəndlərinin birində baş verib. Sakit yaşadıqları evdə məişət zəminində mübahisə zamanı qəsdən yumruqla həyat yoldaşı Zamirəni vurub.

Hadisəni törədən Sakitin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sakit ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, arvadı Zamirə evdə onun dostları ilə yeyib içməyini öz anasına dediyi üçün aralarında mübahisələr olub: “Mənim həyat yoldaşımdan heç bir narazılığım yoxdur. Əvvəllər heç vaxt arvadımı döyməmişəm. Qaynım Rahib haqqımda pis söz dedi. Ona görə də yanvarın2-də, saat təxminən 23.00-da yaşadığımız evdə arvadıma dedim ki, zəng elə qardaşın Rahibi çağır, mənim haqqımda pis söz deyib. Zamirə də bildirdi ki, çağırmır. Ona görə də aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbləşərək yumruqla arvadımın sifətindən vurdum. Hadisə vaxtı evdə mən və arvadım olub. Başqa heç kim olmayıb. Əməlimdən peşmanam”.

İş üzrə zərərçəkmiş Zamirənin sözlərinə görə, 2000-ci ildə qonşusu Sakit ilə ailə qurub: “21 yaşlı Ləman adlı qızım, 22 yaşlı Nihad adlı oğlumuz var. Ərim Sakit daim spirtli içki içib, evdə onunla mübahisə etdiyi üçün münasibətlərimiz yaxşı olmayıb. Hazırda da həmin vəziyyətdədir. Əvvəllər bir neçə dəfə ərim sərxoş vəziyyətdə mənimlə mübahisə edib, münaqişə yaradıb. Lakin ailəmin dağılmasın deyə şikayət etməmişəm”.

Zərərçəkmiş qeyd edib ki, yanvarın 2-də, saat təxminən 23.00-da yaşadıqları evdə yatdığı vaxt sərxoş vəziyyətdə olan əri onu yuxudan oyadıb və onunla mübahisə edib: “Dedi ki, zəng elə qardaşın Rahibi çağır, sən ona arxalanırsan. Mən qardaşımı çağırmadım. Bundan sonra Sakit mənimlə mübahisə edərək yumruqla burnumdan və sifətimdən vurdu. Mənə xəsarətlər yetirdi. Hadisədən sonra hər gün ərim mənim evdən çıxmağımı tələb etdi. Bu səbəbdən yanvarın 5-də anamın evinə getdim. Hazırda da orada yaşayıram”.

Zərərçəkmiş şəxs qeyd edib ki, həyat yoldaşı ilə barışmasa da, həyat yoldaşının tutulmasını istəməyib. O, təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilməsini xahiş edib.
Bu cinayət işinə Neftçala Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sakit 1500 manat miqdarında cərimə cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top