Qərb Ukrayna münaqişəsinin davam etməsində maraqlıdır — DETALLAR

GÜNDƏM 08 aprel 2024, 15:13
Finlandiya lideri Aleksander Stubb Ukrayna münaqişəsi ilə bağlı Moskva ilə siyasi dialoqun tamamilə olmadığını açıqlayıb. Stubbun sözlərinə görə, hazırda Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya ilə heç bir siyasi dialoq yoxdur. Eyni zamanda, Finlandiya Prezidenti belə bir dialoqun aparılmasının indi qətiyyən qeyri-mümkün olduğu qənaətindədir, çünki sülhə aparan yeganə yol döyüş meydanındadır.

Bu baradə siyasi analitik Turab Rzayev Demokrat.az-a açıqlama verib. 

O qeyd edib ki,  Finlandiyanın bu cavabı daha çox ümumi Qərbin mövqeyi nöqteyi-nəzərindən verilib:

“Hazırda Qərbdə Rusiya ilə atəşkəs və ya sülh versiyasına isti baxılmır. Qərb hələ də Ukrayna münaqişəsinin davam etməsini istəyir. Düşünür ki, Ukrayna müharibəsinin indiki vəziyyətdə dondurmaq Rusiyanın mövqelərini gücləndirə bilər. Bütün dünya Ukraynanı bölünmüş halda görəcək. Belə olduğu halda Ukrayna öz ərazi bütövlüyünü təmin etmədən Rusiyanın şərtlərini qəbul etmiş olacaq. Bunu 2014-cu il Kırım işğalından sonra da gördük ki, öncə Rusiyaya sanksiyalar qoyuldu, daha sonra yavaş-yavaş iqtisadi əməkdaşlıqlar quruldu. Qərb görür ki, hazırda Rusiya ilə sülh üçün tezdir”.

Politoloq əlavə edib ki, indiki halda Ukrayna hərbi uğur əldə etmədən sülh və atəşkəs olarsa bu daha çox Rusiyanın maraqlarını müdafiə edəcək:

“Bundan başqa Finlandiyanın özü də Rusiyanın sərhədində yerləşən kiçik ölkələrdəndir. Kiçik Avropa ölkələri özlərini daha az təhlükəsiz hiss edirlər. Qrəb ölkələrinə nəzər salsaq görərik ki, Almaniya, İspaniya, İtaliya, Fransa kimi ölkələrdə Rusiya ilə sülh tərəfdarları olmaq istəyənlər daha çoxdur. Lakin sırf sərhəddə yerləşən Finlandiya, Polşa, Ruminya, Estoniya və başqa sərhəd ölkələr təhlükə riskini daha çox görürlər. Buna görə də həmin ölkələr Rusiyaya qarşı daha sərt davranırlar. Düşünürlər ki, Ukrayna ilə olan müharibə Rusiyanın başını qatır”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top