III dünya müharibəsi ehtimalı artır? — PROQNOZ

GÜNDƏM 27 mart 2024, 13:35
Macarıstanın xarici işlər naziri Peter Siyarto TASS-a müsahibəsində üçüncü dünya müharibəsi riskinin yaxınlaşdığını deyib. 

Nazirin fikrincə, Rusiya ilə Ukrayna arasında danışıqların ən yaxın zamanda başlamasına ehtiyac var: 

“Danışıqlar nə qədər tez başlasa, atəşkəs də bir o qədər tez bərqərar olar. Biz hesab edirik ki, Rusiya bu müharibədə məğlub ola bilməz. NATO-ya üzv olan ölkələrin Ukraynaya qoşun göndərməsi təhlükəlidir. Ancaq eyni zamanda Qərbin silah tədarükü davam etdikcə Rusiya da ciddi uğur qazana bilməyəcək”, o qeyd edib. 

 
Politoloq Tural İsmayılov Demokrat.az-a açıqlamasında deyib ki, bu gün üçüncü dünya müharibəsi praktiki olaraq gerçəkləşməsə də movcud bir çox təhdidlər yeni müharibə ehtimalını artırır:



“Ukrayna müharibəsi, İsrail-Fələstin qarşıdurması, həmçinin gərginləşən Şimali Koreya-Cənubi Koreya insidentlərinin hər an müharibəyə çevrilmə ehtimalı, Çin-Tayvan münaqişəsinin alovlanacağı barədə proqnozlar üçüncü dünya müharibəsinin astanasında olduğumuzu göstərir. Bu gün NATO və Qərb hər nə qədər kollektiv şəkildə Ukraynanı dəstəkləsə də hələki yeni dünya müharibəsi elementi yoxdur. Bir müddət əvvəl Fransa qlobal iqtisadi-siyasi sistemi çökdürəcək bir addım atmağa çalışdı. 

Yalan da olsa Makron fransız əsgərlərinin Ukraynada döyüşmə ehtimalı ilə bağlı ictimai nəbzi yoxlamaq üçün ortaya iddialar atırdı. Amma bu da onun növbəti riyakarlığı idi, Fransa hansısa formada hazırda Ukrayna sıralarında döyüşmür. 

Üçüncü dünya müharibəsi ehtimalları olsa da düşünmürəm ki, hazırkı ağır qlobal siyasi-iqtisadi tendensiyalar fonunda yeni müharibə gerçəkləşsin. Fikrimcə, bunun üçün tam zəmin formalaşmayıb. Bu məsələdə dünya dövlətləri ağıllı davranmağa çalışır. 

Üçüncü dünya müharibəsi riski Rusiya və NATO tərəfindən nüvə başlıqlarının dövriyyəyə çıxarılmasına səbəb ola bilər ki, bunun da çox ağır nəticələri ilə üzləşə bilərik”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top