Çingiz Qənizadə: Prezidentin parlament qarşısında qoyduğu mühüm vəzifələr layiqincə yerinə yetirilir

SİYASƏT 10 mar 2024, 12:30
Hazırda Azərbaycan özünün inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu il fevralın 7- də keçirilən növbədənkənar prezident seçkiləri ölkədə yeni dövrün əsasını qoydu.

Müstəqillik əldə etdiyimiz 30 ildən artıq bir dövrdə ilk dəfədir ki, Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib, suverenliyi isə bərpa olunub. Bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş siyasi kursunun bariz nümunələridir. Bu gün Azərbaycan dünyada tam suveren dövlət kimi qəbul edilir. Bu, regionda yeni siyasi-iqtisadi mənzərə yaratmaqla yanaşı, həm də daxili siyasi münasibətlərdə yeni çalarların formalaşdırılmasına xidmət edir. Son illər ölkəmizdə müşahidə olunan siyasi münasibətlərdə yeni mənzərə özünü açıq şəkildə büruzə verir. Vətən müharibəsi ərəfəsində də biz bunun şahidi olduq. Mövqeyindən, siyasi əqidəsindən asılı olmayaraq hər kəs, o cümlədən ölkədə fəaliyyət göstərən siyasi partiyalar milli məsələlərdə siyasi həmrəylik göstərərək Prezidentin ətrafında sıx birləşdiklərini bəyan etdilər. Növbədənkənar prezident seçkilərində də isə dövlətimizin başçısı İlham Əliyevin böyük səs çoxluğu ilə qələbə qazanması iqtidar-xalq vəhdətinin növbəti təzahürü idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri , hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, son illər ölkəmizdə aparılan düşünülmüş islahatlar Azərbaycanın dünya birliyindəki reytinqini daha da yüksəldib, mövqeyini möhkəmləndirib, əlaqələrini daha da genişləndirib. Həm növbədənkənar prezident, həm də 4 il əvvəl reallaşmış növbədənkənar parlament seçkiləri ölkənin siyasi palitrası üçün yeni bir reallıq formalaşdırıb. Növbədənkənar seçkilər dünya təcrübəsində də mövcuddur. Bu, ölkənin sürətli inkişafının, beynəlxalq aləmə inteqrasiyasının və uğurlu islahatların nəticəsidir. Belə seçkilər həm də əlaqələrimizin genişləndirilməsi nöqteyi-nəzərdən olduqca vacib əhəmiyyət daşıyır. Dörd il əvvəl fevralın 9-da keçirilən Milli Məclisə seçkilər müstəqillik tariximizdə ilk növbədənkənar parlament seçkiləridir. Prezident İlham Əliyevin 2020-ci il martın 10-da VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışı yeni formalaşmış parlament qarşısında mühüm vəzifələr qoydu. Bir daha qeyd edildi ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. Qanunvericilik hakimiyyətinin fəaliyyətini təkmilləşdirmək və sağlam siyasi münasibətlərin bərqərar olunmasına xidmət edən sistemli islahatlar özünü bu sahədə də büruzə verdi. Həmin seçkilərin demokratik, obyektiv, şəffaf və mütəşəkkil keçirilməsi beynəlxalq aləmdə də qəbul edildi. Bunu keçirilmiş seçkilərə dair beynəlxalq rəylər də təsdiqləmişdi. Hüquq müdafiəçisi Avropa İttifaqının seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat verdiyini də xatırladıb. Belə ki, Avropa İttifaqı tərəfindən verilmiş “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” bəyanatı seçkilərin tanınması deməkdir.

Ç.Qənizadə dövlətimizin başçısının çıxışındakı bir sıra məqamları xatırladaraq deyib ki, altıncı çağırış Milli Məclis siyasi plüralizmin təzahürü olan çoxpartiyalı parlamentdir. Bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu var. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak ediblər. Məhz bu seçkilərdən sonra demokratik ənənələrin dərinləşməsinə xidmət edən təcrübə ortaya qoyuldu. Belə ki, müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin və komitələrin rəhbərliyində təmsil olunurlar. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir. Seçkilərdən sonra parlamentin qarşısına qoyulan vəzifələr özünü bütün sahələrdə doğruldub. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılıb. Azərbaycanda çoxpartiyalı sistem daha möhkəm əsaslar üzərində qurulub. Artıq çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcuddur. Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır.

Hüquq müdafiəçisi dövlətimizin başçısının nitqindəki bəzi məqamları xatırladaraq deyib ki, parlamentin əsas işi qanunvericilikdir. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verib. Bu müddət ərzində iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilib. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da genişləndirilib. Qarşıya qoyulan vəzifələrdən biri də deputatların seçicilərlə daim təmasda olmaları idi. Bu vəzifə də uğurla həyata keçirilir. Dövlətimizin başçısı nitqində Azərbaycanın xarici siyasətinin dəqiq strategiyasının mövcudluğundan da söhbət açmışdı. Diqqətə çatdırmışdı ki, qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər, müsəlman aləmində ölkəmizin böyük nüfuzu var. Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır.

“Bütün bunlar bir daha təsdiqləyir ki, 4 il əvvəl dövlətimizin başçısının VI çağırış Milli Məclisin qarşısında qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi qanunvericilik bazasının daha da təkmilləşdirilməsində mühüm rol oynayıb”, - deyə Ç.Qənizadə diqqətə çatdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top