Barmen müştəriyə xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 07 mar 2024, 13:33
Quba rayonunda 2001-ci il təvəllüdlü Renad tanışı Elşada xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 28 sentyabr 2023-cü ildə, gecə saat 01.00-da baş verib. Renad barmen işlədiyi Quba şəhəri, “Köhnə avtovağzal dairəsi” yaxınlığında yerləşən “Quba çay evi” kafesinin giriş qapısının önündə həmin kafeni işlədən Valehlə aralarında olan borc məsələsi ilə əlaqədar mübahisə edən zaman kafedə müştəri qismində əyləşmiş Elşad həmin mübahisəyə müdaxilə edib. 

Elşad Renadın üzərinə gəlib və boğazından tutaraq boğmağa başlayıb. Daha sonra Renad mübahisənin davamı əsnasında Elşadın sifət nahiyəsinə bir dəfə yumruqla vurub. Elşad zərbənin təsirindən geriyə doğru gedərək ayağı giriş qapısının altlığına ilişib arxası üstə yerə yıxılaraq başının arxa nahiyəsinin kafel örtüklü döşəməyə dəyməsi nəticəsində xəsarət alıb. 

Hadisəni törədən Renadın barəsində Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Renad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2023-cü ilin sentyabrın əvvəllərindən Quba şəhəri, “Köhnə avtovağzal” adlanan ərazidə olan “Quba çay evi” adlı kafedə gündəlik 12-15 manat müqabilində barmen kimi işə başlayıb: “2023-cü ilin sentyabr ayının ortalarında kafedə fəaliyyət göstərən Valehdən 80 manat borc aldım. Sentyabrın 27-də, axşam saatlarında kafedə işdə olarkən Valeh ondan aldığım 80 manatı qaytarmağı xahiş etdi. Pulum olmadığı üçün borcunu qaytara bilməyəcəyimi Valehə bildirdikdə aramızda sözlə mübahisə başladı. Biz mübahisə edərkən, kafedə masaların birində yoldaşları ilə birlikdə oturub spitrli işkilər içən və sərxoş vəziyyətdə olan Valehin qohumu Elşad üzərimə hücum edərək boğazımdan yapışdı, məni boğmağa başladı. Elşadla tutuşub kafenin qapısına doğru irəlilədim. Bu zaman boğulduğum üçün Elşadın ağız nahiyəsindən bir dəfə yumruqla zərbə endirdim. Zərbənin təsirindən Elşad arxaya doğru gedərkən ayağı kafenin giriş qapısının altlığına ilişdı. O, arxası üstə yerə yıxıldı.  Sonra kafedən çıxan zaman Elşadla birlikdə oturan Rövşən və Valehin onu yerdən qaldırmağa kömək etdiklərini gördüm”. 

İş üzrə zərərçəkmiş Elşadın sözlərinə görə, Quba şəhəri, “Köhnə avtovağzal dairəsi” yaxınlığında lotoreya satışı ilə məşğul olur: “Sentyabrın 27-də, axşamüstü qardaşım Eldar, tanışlarım Rövşən və Muradla birlikdə Quba “Quba çay evi” kafesində masaların birində əyləşdik. Həmin vaxt biz spirtli işki araq və pivə içdik. Bir qədər sonra, adını sonradan kafedə barmen işləyən və adını sonradan bildiyiş Renad kafedə işləyən qohumum Valehlə barın yanında mübahisə etdiyini gördüm. Həmin vaxt  mübahisəni sonlandırmaq üçün onlara yaxınlaşdım, Renadın boğazından tutaraq onu boğmağa başladım. Həmin vaxt Renad əlimdən çıxmaq üçün sifət nahiyəmdən bir dəfə yumruqla vurdu. Mən zərbənin təsirindən arxası üstə yerə yıxıldım. Bundan sonra baş nahiyəmdən xəsarət aldığım üçün baş verənləri dəqiq xatırlaya bilmədim. Mübahisədən sonra kafedə mənimlə birlikdə olan tanışlarım məni yaşadığım evə apardılar”. 

Zərərçəkmiş qeyd edib ki, növbəti gün baş nahiyəsində güclü ağrılar olduğundan xəstəxanaya müraciət edib və kompüter tomoqrafiyası vasitəsilə başının arxa nahiyəsində ənsə sümüyümün sındığı aşkar olunub.

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top