“Qarabağ zəfərimiz Cümhuriyyət qurucularının ruhunu şad edir” — Nəsiman Yaqublu

GÜNDƏM 06 mar 2024, 16:07
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin vəfatından 69 il ötür. Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində onun Ankarada yerləşən məzarı restavrasiya olunub. 

Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Cümhuriyyət məfkurəçisinin Ankara şəhərinin Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılması istiqamətində kompleks işlər görülüb. 

Abadlıq işlərinin başa çatmasından sonra M.Ə.Rəsulzadənin vəfatının ildönümü ərəfəsində Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi görkəmli ictimai-siyasi xadimin məzarını ziyarət edib, xatirəsini hörmətlə anıb.

Tarix elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nəsiman Yaqublu Demokrat.az-a açıqlamasında deyib ki, ölkə başçısının Sərəncamına uyğun olaraq M.Ə.Rəsulzadənin məzarının  abadlaşdırılması təqdirəlayiq haldır:



“Düşünürəm ki, bundan sonra görüləcək işlər sırasında Bakı Dövlət Universitetinin qarşısında Rəsulzadənin büstünün qoyulması məsələsi gəlməlidir. 

Onun əsərlərinin, xüsusən də mühacirət dövrü əsərlərinin nəşrinə də diqqət yetirilməlidir. 

Təbii ki, Rəsulzadənin adı ilə bağlı görülən işlər ümumilikdə bizim düşüncə sistemimizə, tarixi düşüncəmizə təsir edən amillərdir. 

Eyni zamanda, yeni nəslin həm də vətənpərvərlik ruhunda, tarixi şəxsiyyətlərimizi dəyərləndirmək ruhunda böyüməsinə ciddi təsir edir”.

Tarixçi vurğulayıb ki, Rəsulzadə və onun əqidədaşlarının amalı Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi olub:

“Bu gün ərazi bütövlüyümüzün bərpa edilməsi, Şuşada, Xankəndidə və Qarabağın digər bölgələrində zəfər sədalarının eşidilməsi, üçrəngli bayrağımızın dalğalanması bizi sevindirdiyi kimi, Cümhuriyyət qurucularının da ruhunu şad edir. 

Cümhuriyyətin qurulduğu zaman onların diqqət etdikləri ilk məqam ölkəmizin ərazi bütövlüyü olub. Təxminən 114 min kvadrat kilometrlik ərazidə onlar demokratiya qurmaq uğrunda mübarizə aparıblar”. 


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top