Müşahidə kameralarını “gözardı” edən oğrular: “Peşəkar müstəntiq üçün cinayəti açmaq çətin olmur”

GÜNDƏM 16 fev 2024, 21:32
Daxili İşlər Nazirliyi oğurluq halları ilə bağlı əhaliyə çağırış edib. Bildirilib ki, Nazirlik tərəfindən dövlət maliyyəsi hesabına quraşdırılan təhlükəsizlik kameraları ilə yanaşı, vətəndaşların da özlərinə məxsus obyektlərin, mənzillərin, blokların girişlərində kameralaşmaya üstünlük verməsi tövsiyə olunur: "Oğurluq hallarına qarşı mübarizədə əsas metodlar sırasında olan təhlükəsizlik kameralarının arxiv görüntüləri cinayətlərin açılmasında, sübutların toplanmasında, şübhəli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsində mühüm amildir”, - müraciətdə qeyd olunur. 

Məsələyə münasibət bildirən “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin sözlərinə görə, bütün dünyada oğurluq cinayətlərinin sayında artım var.

O, Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda da oğurluq hallarının dinamikasında artım müşahidə edilir:


“Müşahidə kameraları olsa belə bəzi insanlar nəfsinin əsirinə çevrilirlər. Oğurluq qəsdən törədilən cinayətdir və cinayətkar hadisəni əvvəlcədən planlayır. Oğrular sadə mənzilə, obyektə daxil olmurlar, söhbət peşəkardan gedir. Bir-biriləri ilə əlaqəli şəkildə fəaliyyət göstərirlər. Hansı mənzilə daxil olmaq mümkündür, mənzilinə və ya obyektinə daxil olmaq istədiyi insanı bir müddət müşahidə edirlər. Onun həyat tərzi ilə, gəliri ilə maraqlanırlar. Oğurluq etmək istədikləri məkanı da müşahidə altına alırlar, hətta məlumat alırlar ki, məsələn, yay ayları ərzində “X” adlı sahibkar ailəsi ilə birgə ölkə xaricində istirahət edir. Mənzilə çox rahat şəkildə daxil olmaq üçün yollar tapa bilirlər, hətta kamera olsa belə. Azyaşlıları da öz cinayətlərinə ortaq edirlər, müəyyən məbləğ qarşılığında onları şirnikləndirib prosesə cəlb edirlər”.

Ekspert qeyd edib ki, son zamanlar bir çox obyektlərdə kameraların quraşdırılması oğurluq hallarının qarşısını almağa yönəlib və bir növ çəkindirici funksiya daşıyır: 

“Bu da cinayətkarlıqla mübarizədə bir vasitədir. Yaşayış yerlərinin, binaların ətrafında kameraların qurulması DİN-nin təşəbbüsüdür. Bunun üçün büdcədən və ya Nazirliyin öz büdcəsindən vəsait ayrılır. Kameraların yaddaşına məlumatlar daxil olur və müəyyən müddət ərzində saxlanılır. İstintaq zamanı kameranın yaddaşına baxırlar və binaya kimin daxil olduğunu müəyyən edə bilirlər. Cinayətkarın fotorobotu götürülərək zərərçəkmişə göstərilir, onun şəxs barədə məlumatı varsa, cinayətkarın ifşa olunması da asanlaşır. Amma görürük ki, oğruların çoxu indi üzlərini gizlədə bilirlər. Buna görə bəzən cinayətkarı yaxalamaq uzun vaxt alır. Məkana daxil olan oğrunun barmaq izləri mebellərin, güzgülərin üzərində qalır, bununla onun şəxsiyyətinin müəyyən olunması rahat olur. Oğurluq edilmiş məkandan götürülmüş barmaq izləri həmin məkanın yerləşdiyi rayonun polis bölməsindəki barmaq izləri ilə eyniləşdirilir, bu da cinayətkarı müəyyənləşdirmək üçün səmərəli bir üsuldur. Cinayətkar özündən sonra da məkanda iz buraxa bilər. Çəkdiyin siqaretin kötüyü yerə düşə və ya qadındırsa, dodaq boyasının izi qala bilər. Peşəkar müstəntiq üçün bu halda cinayəti açmaq çətin olmur. 
Oğurluğa meyilli, bu məqsəddə olan insanlar bilsinlər ki, müşahidə kameraları elə-belə qoyulmayıb. Milçəyin belə hansı səmtdən uçmasını fiksə edir. Yaxşı olar ki, əməllərindən çəkinsinlər. Bilsinlər ki, gec də olsa əməllərinin üstü açılacaq və cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top