Xarici valyutaya tələb artıb — Növbəti aylarda manatı nə gözləyir?

İQTİSADİYYAT 05 fev 2024, 19:44
Mərkəzi Bankda keçirilmiş valyuta hərraclarının nəticəsinə əsasən 2024-cü ilin yanvar ayında və fevralın əvvəllərində xarici valyutaya tələbatın yüksəlməsi davam edir. Xarici pul vahidlərinə ehtiyacın artması nə ilə bağlıdır? İqtisadçı ekspert Rəşad Həsənov Demokrat.az-a açıqlamasında bunun ənənəvi hal olduğunu deyib:

“Təəccüblü deyil, hər ilin əvvəli yeni büdcənin açılması ilə əlaqədar bazara müəyyən qədər vəsaitlər daxil olur. Şirkətlərin öz öhdəliklərini yerinə yetirmək məqsədilə müəyyən konvertasiyalara ehtiyacı yaranır. Eyni zamanda, il başa çatdıqdan sonra şirkətlər illik öhdəlikləri, xarici öhdəlikləri, vergi öhdəlikləri və digər bu kimi müqavilə əsaslı öhdəliklərini yetirmək üçün valyuta bazarlarından valyuta alır. Yanvar ayının əvvəli xüsusilə də tətil dövrü olduğu üçün turizm məqsədli səfərlər artır. Bu da özlüyündə xarici valyutaya tələb formalaşdırır”.



Ekspert milli valyutanın Amerika dolları qarşısındakı məzənnəsində dəyişiklik ola biləcəyi haqqında yayılan fikirlərə də münasibət bildirib:

“Adətən, ilin sonu və yeni ilin əvvəlində hər zaman Azərbaycanda manatın məzənnəsi müzakirə olunur. Bu özü də az da olsa passiv yığımçıların vəsaitlərini konvertasiya etmək cəhdləri ilə müşahidə olunur. Nəticədə bazarda qismən də olsa tələb artır. Amma bunlar həlledici göstəricilər deyil, narahatlığa əsas yoxdur.  Bu gün valyuta bazarlarındakı vəziyyət manatın məzənnəsinə hər hansı risk yaratmır. Növbəti aylarda xarici valyutaya tələb yenidən aşağı düşəcək. Azərbaycan valyuta bazarı çox kiçikdir. Hər hansı bir iri şirkət öz öhdəliyini yerinə yetirmək üçün bazarda alış həyata keçirəndə həmin ay görürük ki, artıq alış göstəriciləri artır. Çünki orta hesabla bizim valyuta bazarlarımız aylıq 400 milyon dövriyyəyə malikdir. Bunun da bəzi aylarda hətta 250 milyona qədər düşdüyü müşahidə olunur. Hər hansı şirkət 20-30 milyonluq alışa keçəndə artıq bazarda ciddi tələb dəyişikliyi baş verir”.


Törə Zeynallı
Demokrat.az  

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top